Altı ayın hesabatı verildi


Baxıldı : 83

Tarix : 2018-08-03 20:20:17


İyulun 31-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

Nazirliyin Bakı Regional Mərkəzinin akt zalında baş tutan yığıncaqda ittifaqın sədri Mehman İsmayılov hesabat məruzəsi ilə çıxış edib.  Sədri olduğu qurumun təşkilatçılığı ilə son 6 ayda nazirliyin əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarının təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edib ki, nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il və Novruz bayramları münasibətilə şənliklər təşkil olunub, onlara bayram hədiyyələri verilib. Eyni zamanda digər əlamətdar günlərdə, eləcə də peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənən və yubiley yaşı tamam olan ittifaq üzvləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

M.İsmayılov FHN-in təşkilatçılığı, nazirliyin işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Qəbələdə “Gənc xilasedici”lərin VI Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən”lərin VII Ümumrespublika birinciliyinin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ittifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə idman-sağlamlıq klubu ilə birgə şahmat, çoxnövçülük, stolüstü tennis, minifutbol və beşnövçülük üzrə çempionatlar təşkil olunub.

Sədr deyib, əvvəlki illərdə olduğu kimi, ötən yarımildə də ittifaqın fəaliyyətində hərbçilərlə görüş prioritet vəzifələrdən biri olub. Əməkdaşlarımız FHN Mülki Müdafiə Qoşunlarının Quba, Qaradağ, Şirvan və Gəncədəki “N” saylı hərbi hissələrinə gediblər, Vətən keşikçilərinə xatirə hədiyyələri və bayram sovqatları aparıblar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi maarifləndirici tədbirlərlə qeyd olunub. Ağdam rayonunda “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ”, Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzularında keçirdiyimiz elmi-praktik konfranslarda çox sayda ittifaq üzvü iştirak edib. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələri sədrlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına səfər təşkil edilib. Səfər çərçivəsində Naxçıvanın tarixi yerləri, dini-mədəni abidələri ziyarət olunub. Həmçinin Sumqayıt Regional Mərkəzində və FHN-in Tibb Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.

Məruzədə deyilib ki, həmkarlar ittifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər reallaşdırılıb, azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar nazirliyin qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil edilib. Qubada “Azərbaycanlıların soyqırımı - 100 il” mövzusunda elmi-praktik konfrans keçirilib.

Maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardımlar göstərmişik. Bir qrup sahə işçisi ailələri ilə birgə yay aylarında Nabranda yerləşən “Orman” İstirahət Mərkəzinə yollayışlarla təmin edilib. Səhhətində problemləri olan üzvlərdən 70 nəfərinə “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx”, “Naftalan” və “Xəzər” sanatoriyalarında müalicə və istirahət üçün, dəyərinin 15 faizini ödəmək şərtilə, yollayış verilib. Qarabağda döyüşmüş əməkdaşlar və maddi imkanı az olan işçilər yollayışlarla pulsuz təmin olunublar. Altı nəfər ittifaq üzvü isə “Naftalan” sanatoriyasına təşkilatın büdcəsi hesabına yollayış alıb.

Tədbirin sonunda FHN İşçiləri Həmkarlar İttifaqının dörd üzvünə AHİK-in yaradılmasının 25 illik yubiley döş nişanı təqdim edildi.