Altısaatlıq iş günü və dördgünlük  iş həftəsinin tətbiqi nəzərdə tutulur


Baxıldı : 42

Tarix : 2020-01-10 15:07:13


Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.

34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: “Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”.

Finlandiyaya qonşu olan İsveçdə hökumət 2015-ci ildə bəzi qurumlarda altısaatlıq iş gününü sınaqdan keçirib. Təcrübənin nəticələri işçilərin daha xoşbəxt olduqlarını, müsbət emosiyalar yaşadıqlarını və çox məhsuldar işlədiklərini göstərib.

2019-cu ilin noyabr ayında “Microsoft Japan” işçilərinə üçgünlük həftə sonu istirahəti təklif edərək iş və şəxsi həyat arasındakı tarazlığı yaxşılaşdırmaq üçün cəsarətli bir addım atdı. Nəticələr şirkətdə əmək məhsuldarlığının 39,9% artdığını göstərdi.