AMEA-da tibbi aksiya keçirilib


Baxıldı : 127

Tarix : 2020-01-31 16:04:51


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə yanvarın 29-da akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilib.

AMEA-nın əsas binasında baş tutan humanitar aksiyada əsas məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, onlar arasında refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyalarını yoxlamaq, göz xəstəliklərini öncədən müəyyənləşdirmək və bu istiqamətdə monitorinqlər aparmaqdır.

Mərkəzin ən son texnoloji avadanlıqlarla təchiz olunan Səyyar Klinikasının təcrübəli həkim-oftalmoloq heyəti tərəfindən göstərilən tibbi xidmət zamanı AMEA əməkdaşlarının göz təzyiqi və görmə qabiliyyəti yoxlanılır, zəruri müalicə tədbirləri görülür, pasiyentlərə vaxtında müayinə olunmaları tövsiyə edilir, həmçinin bir sıra məsləhətlər verilir.

Aksiyanın mart ayında yenidən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın rayon və şəhərlərində göz xəstəliklərinin qarşısının alınması istiqamətində mütəmadi tibbi aksiyalar həyata keçirir və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.