Anım tədbiri keçirilib


Baxıldı : 260

Tarix : 2015-02-28 02:33:00


AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Öncə İnstitutun həmkarlar ittifaqı təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və \ Heydər Əliyev Məktəbi\ nin üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış \ Ana harayı\ abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin dünya elm ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. Direktor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən etibarən həyata keçirilən \ Xocalıya ədalət!\ beynəlxalq təbliğat-təşviqat kampaniyasını yaxşı nümunə kimi misal gətirdi.Müasir Fəlsəfə Problemləri Şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirib. O, 1990-1992-ci illərdə ölkədə olan siyasi vəziyyətdən, faciənin başvermə səbəblərindən bəhs edib.Dövlət və Hüquq Nəzəriyyəsi, Mülki Hüquq və Mülki Proses Şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov beynəlxalq arenada Xocalı faciəsinə gözlədiyimiz səviyyədə obyektiv qiymət verilmədiyini söyləyib.Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, professor Bəhram Zahidov, Politologiya və Siyasi Sosiologiya Şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, Həmkarlar İttifaqı Komitəsinin sədri Rəna Mirzəzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Dağlıq Qarabağ münaqişəsi mövzusunda dolğun faktlara əsaslanan elmi araşdırmaların yazılması ilə bağlı təklif irəli sürüblər.Sonda Xocalı faciəsi haqqında film nümayiş etdirilib.Bəyalı RZAYEV