Ana oğlundan qələbə  payını gözləyir


Baxıldı : 1078

Tarix : 2020-10-17 14:27:32



Bu gün bütün xalq özünü müsəlləh əsgər sayır. Bizim idarəmizin gəncləri də cəbhə bölgəsində olmağa, yağı düşməni torpaqlarımızdan öz əlləri ilə qovmağa can atır. Qismən səfərbərlik elan olunanda kollektivimizin bir neçə üzvü bu fürsətdən yararlandı. İndi onlar Qarabağda erməni terrorçularına qan uddururlar. Belə gənclərimizdən biri də Nizami Xəlilovdur. Nizami döyüşlərin birində yaralanıb. Hazırda hospitalda müalicə alır. Həkimləri ilə əlaqə saxlamışıq. Müntəzəm vəziyyəti ilə maraqlanırıq. Ona mənəvi dəstək göstəririk. Ailəsini də unutmuruq. Evlərinə getdik. Anası Ofeliya xanımla görüşdük. Bizi mehribanlıqla qarşıladı. Bir-birimizdən hal-əhval tutduq.
“Nizami üçün çox darıxırsınız? - deyə soruşduq. “Lap çox”, - deyə cavab verdi. Zarafatla əlavə etdi: “Yola salanda tapşırmışam ki, inşallah, qayıdanda şinelinin cibində mənim də qələbə payımı gətirsin”.
Ofeliya xanıma təşkilatımızın büdcəsi hesabına 500 manat məbləğində yardım göstərdik. Götürmürdü. Dedik, elə hesab et Nizami əməkhaqqı alıb gətirib verir anasına. “Biz də sənin övladlarınıq”.
Həmkarlar ittifaqı təşkilatı olaraq, idarəmizin Vətənin azadlığı uğrunda döyüşən digər işçilərimizə də qayğı və yardım göstərəcəyik. Qəhrəman Ordumuz Şuşada, Xankəndidə Azərbaycan bayrağını dalğalandırana qədər.

Kamil İLYASOV,
“Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik 
Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri