Anamın vəziyyətinin yaxşı olmadığına görə özünü idarə edə bilmir


Baxıldı : 91

Tarix : 2018-08-10 21:11:02


 

Anamın vəziyyətinin yaxşı olmadığına görə özünü idarə edə bilmir. Mən ona qulluq etmək üçün 1 ay ödənişsiz məzuniyyət götürə bilərəmmi?

 

Əminə ƏZİMOVA, Bakı şəhəri.

-Qanunvericiliyə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə bir iş ilində hansı  hallarda və müddətdə ödənişsiz məzuniyyətlərin verilməsi təsbit edilmişdir. Həmin maddənin işçinin xahişi ilə  “i” bəndinə görə, ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək, “h”bəndinə görə isə ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilə bilər. Amma Məcəllənin 129-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Valideynə qulluq etmək övladların ən ümdə borclarından biridir. Bu müqəddəs borcu yerinə yetirmək üçün Siz Əmək Məcəlləsinin 129-cu maddəsindən yararlana bilərsiniz.

 

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xarici ölkələrdə sığortalanmasına icazə varmı?

Səba ZEYNALOVA,  Şirvan şəhəri.

-“Sığorta haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində olan sığorta obyektlərini yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılarda sığortalamalıdırlar. Lakin burada bəzi istisnalar mövcuddur ki, bu da adıçəkilən Qanunun Azərbaycan Respublikasında və xarici ölkələrdə edilə bilən sığortalar adlanan 24-cü maddəsində qeyd edilmişdir. Maddənin 2-ci hissəsinə görə, xarici ölkələrdə aşağıdakı sığortalara yol verilir:

2.1. idxal-ixrac edilən malların nəqliyyat sığortaları;

2.2. təyyarə, vertolyot və dəmirlərin xarici kreditlə satın alındıqları təqdirdə həmin kredit ödənilənədək, xarici ölkədən lizinq yolu ilə gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti bitənədək ediləcək sığortaları;

2.3. gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları;

2.4. həyat sığortaları;

2.5. vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi qəza, xəstəlik və mühərrik nəqliyyat vasitəsi sığortaları.

 

Azərbaycan Respublikasının Dövlət himni hansı hallarda ifa olunur və bu zaman onu dinləyənlər tərəfindən o oxunmalıdırmı? Dövlət himni haqqında hər hansı bir normativ-hüquqi akt mövcuddurmu?

 

Kənan MƏMMƏDOV,

Bakı şəhəri.

 

 

- 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti milli Dövlət himni üçün müsabiqə elan etdi. Lakin himni qəbul etmək, Xalq Cümhuriyyəti süqut etdiyi üçün, mümkün olmadı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aid olan, Xalq Cümhuriyyətinin barəsində qərar qəbul etməyə imkan tapmadığı milli himn, Azərbaycan Respublikasının Dövlət himni kimi, Konstitusiya aktı ilə  təsdiq edildi. 2 mart 1993-cü ildə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Əsasnamə qəbul edildi. Burada deyilir ki, Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.

Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:

- Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;

-Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

- dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

- hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;

- Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;

- dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;

- Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən - müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.

Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.

Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.

Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.

Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə almaqla ifa edilir.

Azərbaycan Respublikası Dövlət himninin daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.

Əsasnamədə Dövlət himninin hansı üsullarla ifa olunması da göstərilir və qeyd olunur ki, bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.

Azərbaycan Respublikasının Dövlət himninin camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.

“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.