Antihumanist sülh\ müqaviləsi


Baxıldı : 253

Tarix : 2015-10-17 00:39:00


Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. 1812-ci il oktyabrın 12-də Gülüstan kəndində İranla Rusiya arasında Azərbaycan torpaqlarını ikiyə bölən anlaşma imzalandı. Rusiya tarixşünaslığında \ sülh müqaviləsi\ kimi yad edilən bu hadisə, əslində müharibədə uduzmuş Qacar İranının Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. Bu müqaviləyə əsasən, Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə, Arazın şimalındakı bütün Azərbaycan xanlıqları Rusiyanın təbəəliyinə keçirdi. 8 il davam edən müharibədən qalib çıxan çar Rusiyası strateji mövqeləri ələ keçirmiş, bundan başqa Xəzər dənizində donanma saxlamaq imkanı qazanmışdı. İranla müharibəyə başlarkən bütün tarixi Azərbaycan torpaqlarının işğalını planlaşdıran Çar I Aleksandr eyni zamanda Fransa ilə müharibədə olduğundan Gülüstan \ sülhü\ onun üçün vacib idi. Azərbaycanı ikiyə bölən 11 maddədən ibarət müqavilə xalqımız və dövlətçiliyimiz üçün əsl faciənin başlanğıcı idi. Rusiyaya ilhaq edilən Azərbaycan xanlıqlarından heç bir nümayəndə orada olmamış, Abbasqulu ağa Bakıxanov isə Rusiya tərəfdən tərcüməçi kimi çıxış etmişdi. Gülüstan anlaşmasıyla Cənubi Qafqazın Rusiya tərəfindən işğalı rəsmiləşmiş oldu. Müqavilə 410 min kv. km-lik Azərbaycan torpaqlarını, Araz çayı sərhəd olmaqla, iki hissəyə bölünməsinin birinci mərhələsi idi. Gülüstan \ sülhü\ maddələrində \ Azərbaycan\ adı keçməsə də, iki yadelli dövlətin torpaqlarımızı öz aralarında böldüyünü təsdiq edən sənəddir. Gülüstanın faciəvi nəticəsinə əsas səbəb xanlıqların düşmənə qarşı birləşməməsi idi. Çar Rusiyası ona ilhaq edilən xanlıqları 1813-26-cı illər ərzində işğal edərək Cənubi Qafqazı hakimiyyəti altına aldı. Artıq Gülüstan müqaviləsindən 200 ildən çox vaxt keçib. Hələ də ikiyə bölünən torpaqlarımız vahid bayraq altında birləşə bilməyib. Üstəlik, sonrakı dövrlərdə yaşadığımız faciələrin də təməlində bu və daha sonra imzalanan Türkmənçay müqaviləsinin şərtləri durur. Bu müqavilələrdən sonra ermənilərin Çar Rusiyası tərəfindən torpaqlarımıza kütləvi köçürülməsinə başlanıldı. Tarixboyu heç bir dövləti olmayan vətənsiz ermənilər Naxçıvan və İrəvan xanlıqları ərzisində yerləşdirildi. Bu xanlıqlar \ erməni vilayəti\ elan edildi. Sonralar Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıldı. O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı \ sülh müqaviləsi\ olsa da, Gülüstan və Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.CAVİD