Aparılacaq danışıqlar vacibdir


Baxıldı : 46

Tarix : 2017-11-24 23:18:13


Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2017-ci ildə gənclərin dünyada ümumi işsizlik statistikası və buna təsir edən amillərlə bağlı hesabat məruzəsi hazırlayıb. Sənəddə 2009-cu ildən bu yana gənclər arasında ümumi işsizlik səviyyəsinə təsir edən səbəblər və hazırkı vəziyyət öz əksini tapıb. Bildirilib ki, hazırda 70,9 milyon işsiz gənc var. 2018-ci ildə isə bu rəqəm 71,1 milyona yüksələcək.

2010-2016-cı illərdə gənclər arasında işsizlik səviyyəsi Şimali Afrika, Ərəb ölkələri və Latın Amerikası ölkələrində yüksəlmiş, Avropa və Şimali Amerikada  bu yöndə mənfi statistika qeydə alınmamışdır.

Sənəddə həmçinin  gənc qadınların əmək bazarında qarşılaşdıqları problemlərə və statistik məlumatlara da yer verilib. Göstərilib ki, gənc qadınlar kişilərə nisbətdə daha çox işsizlik problemi ilə üzləşirlər. Ali təhsil və xüsusi peşəyə sahib olmayanların, sadəcə, 9,8 faizi hazırda işlə təmin olunub. Bu göstərici kişilərdə 34,4 faiz təşkil edir.

Məsələyə münasibət bildirən BƏT-in siyasi məsələlər üzrə baş katibinin müavini Deborah Qrinfield deyib ki, inkişafda olan ölkələrdə hər 5 gəncdən ikisi ya işsizdir, yaxud minimum əməkhaqqı ilə yaşamağa məcburdur: "Səbəb kimi, qeyri-formal iqtisadiyyatı göstərmək olar. Gənclərin məşğulluq problemi yalnız yeni iş yerlərinin yaradılmasından deyil, çalışma şəraitinin keyfiyyətindən də asılıdır. Gənclərin məşğulluq probleminin həlli,  əmək sektorunda qarşıya çıxan zorluqların aradan qaldırılması və cəmiyyətdə gələcəkdə yarana biləcək  böhranın önlənməsi üçün məsələnin araşdırılması və həlli yönündə müvafiq qurumlarla aparılacaq danışıqlar vacibdir".

Cavid SƏFƏROV