Aparılan islahatlar Azərbaycanın dünyanın  ən ədalətli hesabatında mövqeyinin kəskin  möhkəmlənməsinə səbəb olub


Baxıldı : 44

Tarix : 2018-11-03 05:21:15


“Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olmuşdur. Bu TOP 10 ölkə əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirmişdir”. Bu sözləri  millət vəkili Tahir Mirkişili Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatını şərh edərkən  deyib. O bildirib ki, bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırmış və islahatların sayına görə dünyada 1-ci olmuşdur.

Millət vəkili deyib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirirlər. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir. Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur.

Bakı Şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları asanlaşdıran “ASAN Kommunal” mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırmışdır.

“Doing Business 2018”  hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmışdır.

Prezident İlham Əliyevin rəhbərli

yi ilə aparılan iqtisadi və institusional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir.

İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan 25-ci yerdə olmaqla MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabatda Qazaxıstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci, Ermənistan 41-ci, Moldova 47-ci, Qırğızıstan 70-ci, Ukrayna 71-ci, Özbəkistan 76-cı, qonşu Türkiyə isə 43-cü yerdə qərarlaşıb. Azərbaycan bu kontekstdən MDB ölkələri ilə müqayisədə ən yaxşı göstəriciyə malikdir. Eyni zamanda  Azərbaycan 2017-2018-ci illərdə ən çox islahat aparmış on ölkədən biridir və həmin dövrdə aparılan islahatların sayına görə dünyada birinci yerdədir. Azərbaycan 8 indikator üzrə islahat aparıb, islahatların sayına görə isə qonşu Türkiyə (7 indikator üzrə islahat) ikincidir.

V.Bayramov deyib: “Azərbaycanın mövqeyinin güclənməsi qeyd etdiyimiz 8 indikatorla bağlıdır. Bu, həm Bakı Şəhər İcra Hakimiyyətində inşaat üçün icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, həm də “Bir Pəncərə” sisteminin tətbiq edilməsi ilə bağlıdır. Praktik olaraq “Bir Pəncərə” sisteminin tətbiq edilməsi qısa zamanda icazələrin əldə edilməsinə imkan verir ki, bu da lisenziyaların sayının 80 gün, icazə üçün tələb olunan məbləğin isə 12 min 563 manat və ya təxminən 7 min 500 dollar azalmasına gətirib çıxarıb”.

Digər islahatın “ASAN xidmət” vasitəsilə elektrik enerjisinə çıxış imkanlarının artırılması ilə bağlı olduğunu deyən iqtisadçı-ekspert vurğulayıb ki, bu da məhz Azərbaycanın mövqeyinin sözügedən hesabatda möhkəmlənməsinə təsir göstərən faktorlardan biridir.

Bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, şəffaflığın gücləndirilməsi, daha asan prosedurların tətbiq edilməsi, kreditə çıxış imkanlarının gücləndirilməsi, xüsusən kredit bürolarının yaradılması Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biridir. İnvestorların hüquqlarının qorunması ilə bağlı qaydaların təkmilləşdirilməsi, kiçik paya malik olan səhmdarların hüquqlarının qorunması mexanizminin işlənməsi Azərbaycanda aparılan islahatlardandır. Həmçinin Azərbaycanın xarici ticarət əməliyyatlarında “Yaşıl dəhliz”in tətbiqi mövqeyimizin möhkəmlənməsinə təsir edir.

Müflisləşmə ilə bağlı prosedurların sadələşdirilməsi və əmək bazarında yeni qaydalar birbaşa ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına təsir göstərən faktorlardan hesab olunur. Azərbaycan bu kontekstdən ötən il dünyada ən çox islahat aparan ölkə adını qoruyub saxlayıb.

Azərbaycanın hesabatla bağlı mövqelərinə diqqət yetirsək görərik ki, biznesə başlamağa görə dünyada 9-cu yerdədir, ilk onluğa daxildir. Tələb edilən günlərin sayı 3,5-dir, tələb olunan xərc adambaşına düşən kapitalın 1,3 faizidir, minimum kapital tələb olunmur. Daşınmaz əmlakın qeydiyyatına görə, Azərbaycan ilk 20-liyə daxildir, bu göstərici üzrə 17-ci yerdədir. Tələb edilən prosedurlar 3, günlərin sayı 5,5-dir.

Kreditdə əlçatanlığın təmin edilməsinə görə Azərbaycan dünyada 22-cidir. Bu, kifayət qədər ciddi rəqəmdir. Xüsusən leqal hüquqların qorunması sahəsində ölkəmizin mövqeyinin güclənməsi diqqətçəkən məqamlardandır. Az səhmə malik olan investorların hüquqlarının qorunmasına görə ölkəmiz 2-cidir. Bu göstərici üzrə Azərbaycanın balı 100 ballıq sistemdə 81,67 bal kimi göstərilir. Vergi ödənişlərinə görə 28-ci yerdədir.

“”Doing Business 2019” hesabatı ondan xəbər verir ki, son illər aparılan islahatlar Azərbaycanın dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb və ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunur. 2014-cü ildən sonra dərinləşmiş islahatlar ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olub”, - deyə ekspert diqqətə çatdırıb.