Aparılan islahatlar qənaətbəxşdir


Baxıldı : 210

Tarix : 2019-12-20 18:41:39


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, 2019-cu ildə də əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlar geniş miqyas aldı və əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımların atılması təmin edildi. Sözsüz ki, bu inqilabi addımlar pensiya təminatı sistemini də əhatə edirdi.

2019-cu ildə ölkədə pensiya islahatları ilə bağlı görülən tədbirlər və  növbəti- 2020-ci ildə vətəndaşları gözləyən yeniliklər barədə qəzetimizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Pərviz Cəfərov məlumat verdi. 

Bildirdi ki, 2019-cu il ərzində reallaşan iki mühüm sosial islahatlar paketi nəticəsində Azərbaycanda minimum əməkhaqqı        2 dəfəyə yaxın artıb-130 manatdan 250 manata çatdırılıb. Sosial müavinət və təqaüdlər   (o cümlədən müharibə əlillərinə əlilliyə görə sosial müavinətlər və onlara təqaüdlər) orta hesabla 100 faiz ,şəhid ailələri üçün təqaüdlər 242 manatdan 300 manata çatdırılıb. Həmçinin məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. Əhatə dairəsi  4,2 mln. nəfər, illik maliyyə yükü 3 milyard manatdan çox olan bu sosial islahatlar pensiya təminatı sahəsində də uğurlu şəkildə özünü göstərir. Belə ki, builki iki sosial paketin təkib hissəsi kimi, Azərbaycanda minimum pensiya 116 manatdan 200 manata çatdırılıb.

Minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edib. Bununla da ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Beləliklə, minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu 34,2 faizədək üstələməsi təmin edilib.

Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutur.

2019-cu ilin mühüm islahatlarından biri də vətəndaşlara pensiya təminatı proqramından faydalanmaq imkanı yaradılması kimi sosial sahədə daha bir humanist yanaşmanın təmin olunmasıdır. Belə ki, 2019-cu ilin əvvəlindən 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur.  Nəticədə vətəndaşın sığorta stajının və ya pensiya kapitalının yetərli olmaması səbəbindən pensiya hüququndan kənar qalması riski aradan qalxır, ona bu hüquqa malik olmaq, pensiya təminatı proqramından faydalanmaq imkanı yaradılır.

Pensiya sahəsində aparılan islahatlar əhaliyə bu sahədə proaktiv xidmətlərin qurulmasını da nəzərdə tutur. Məsələn, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildi. Nəticədə pensiya hüququ yaranmış şəxsə, özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. İl ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunur. Artıq 15 mindən çox şəxsə e-qaydada pensiya təyin olunub.

Gələn ildən pensiyaların yenidən artımı məsələsinə toxunan P.Cəfərov dedi ki, Dövlət Statistika Komitəsinin gələn ilin ilk ayında  2019-cu ildə orta aylıq əməkhaqqının neçə faiz artması barədə verəcəyi məlumata əsasən, pensiyaların yenidən indeksləşdirilməsi təmin olunacaq.  Ölkədə orta əməkhaqqı artımı proqnozu bu il üçün 15 faizdir. Buna uyğun olaraq gələn il yanvar ayının 1-dən indeksasiya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq.

Ə.ƏHMƏDOVA