Aprelin 2-...


Baxıldı : 263

Tarix : 2016-04-08 05:26:00


Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum etmiş, yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbçilərimiz və mülki şəxslər həlak olmuşlar. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyev göstəriş verib ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün təkliflər təqdim etsin. Dövlət başçısı bildirib ki, bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır.Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Bu yaxınlarda Rusiya Prezidenti və Rusiyanın Xarici İşlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər. Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilmişdir. Prezident İlham Əliyev qeyd edib ki, Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın. Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir.Ermənistan ordusunun çox böyük zərbə aldığını deyən ölkə başçısı günahkar kimi işğalçı rejimi göstərib: \ Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Bizim heç bir günahımız yoxdur. Biz, sadəcə olaraq, bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm\ .Prezident bildirib ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bundan sonra da sonu bəlli olmayan prosesdə, sadəcə olaraq, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, sonra isə soyqırımına məruz qalan xalqı günahlandırasan ki, atəşkəsi pozur.Ölkə başçısı bir daha vurğulayıb ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün - aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır.Aprelin 5-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Onların vəziyyəti ilə maraqlanıb, göstərdikləri qəhrəmanlığı yüksək qiymətləndirib: \ Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni, ərazi bütövlüyümüzü qorumusunuz. Azərbaycan xalqı sizinlə fəxr edir. Döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar. Tezliklə sağalın, normal həyata qayıdın\ . Sonra dövləti başçısı şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb.Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşüb.Prezident İlham Əliyev Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin Bakıda görüşünün keçirilməsindən məmnunluğunu bildirib və deyib ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır: \ Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də, əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir\ . Biz bu münasibətləri yüksək dəyərləndiririk, onu möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir. Hamıya bəlli olduğu kimi, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranmışdır. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur. Rusiya bu halda yenidən təşəbbüs göstərdi və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olundu. Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Bu gün mən ATƏT-in Minsk Qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir. Əlbəttə ki, biz bu gün bütün bu məsələləri, həmçinin Sizinlə müzakirə edəcəyik. Əminəm ki, səfəriniz bizim münasibətlərimizin möhkəmlənməsi istiqamətində daha bir mühüm addım olacaq. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra müqəddəs Qurani-Kərim”dən ayələr oxunub. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verildi.Mehriban Əliyeva son günlərdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan 31 hərbçinin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Şəhid hərbçilərimizin qohumları ağır itki ilə üzləşdiklərini söyləsələr də, şəhidlərimizin hər bir vətəndaş üçün müqəddəs olan Vətən uğrunda öz canlarından keçdiklərini deyiblər. Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanırlar. Onlar bildiriblər ki, Azərbaycan Ordusu xalqımıza erməni silahlı birləşmələrinə qarşı apardıqları əməliyyatlarda qazanılan zəfərin sevincini yaşadıb. Şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri Azərbaycan Ordusundan yeni qələbə xəbərləri eşitmək arzusunda olduqlarını deyiblər. Azərbaycanın tezliklə işğal altındakı torpaqlarının geri qaytarılacağına əminliklərini ifadə ediblər. Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.İran, Rusiya və Azərbaycan Xarici İşlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əmin olduğunu deyib. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə məhdud tərkibdə görüşü olub.Sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin Sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.Azər MUSTAFAYEV