ASAN könüllüləri BDU-da


Baxıldı : 72

Tarix : 2019-04-05 18:43:01


Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları tələbələr üçün “Bir könüllüdən min könüllüyə” layihəsini təqdim ediblər. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi təhsil alan gənclərə könüllülük fəaliyyəti, şəxsi inkişaf ilə bağlı həvəsləndirici təlim və seminarlar keçmək, karyerasını könüllülüklə bağlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliğini və təşviqini həyata keçirməkdir.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov dünyada, daha sonra Azərbaycanda könüllülk hərəkatının yaranması və hazırkı durumu barədə ətraflı məlumat verdi. O, könüllülərin dövlət orqanlarına, ictimai təşkilatlara, respublikada keçirilən beynəlxalq  tədbirlərə verdiyi dəstəyi xüsusi vurğuladı və bildirdi ki, adekvat olaraq ölkə rəhbəri cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva könüllülərin əməyinə yüksək dəyər verdiklərini dəfələrlə çıxışlarında ifadə ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim Mərkəzinin müdir müavini, ASAN könüllülər məktəbinin rəhbəri Cahangir Hacıyev könüllülüyün yaratdığı imkanlar, bu hərəkata qoşulmanın verdiyi faydalar barədə ətraflı söz açdı.

Sonra “Bir könüllüdən min könüllüyə” layihəsinin rəhbəri Nərmin Cahangirova layihənin məqsədi, hədəfləri, gözləntiləri barədə danışdı.

Tədbirdə iştirak edən Yaşıl ASAN təşəbbüsünün rəhbəri Səkinə HəsənovaÖ ASAN könüllüsü olaraq, öz uğur hekayəsini tələbələrlə bölüşdü və tələbələri könüllülük fəaliyyətinə qoşulmağa dəvət etdi.

Tədbirdə Sumqayıt regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Rəşad Məmmədov,  ASAN könüllüllərindən Teymur Hacıyev və Rövşən Abbasov çıxış edərək könüllülük fəaliyyətinin müxtəlif aspektlərini tələbələrə çatdırdılar.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatdı.