Atılan uşaqların sayı çoxalıb


Baxıldı : 345

Tarix : 2015-02-07 13:44:00


Son dövrlər valideynləri tərəfindən atılan uşaqlarla bağlı daha tez-tez məlumat yayılır. Ötən həftə də paytaxtda daha bir körpənin küçəyə atılması ilə bağlı məlumat verildi. Mətbuatda yayılan informasiyalar göstərir ki, il ərzində təxminən 50 uşaq atılıb. Qeyri-rəsmi məlumatlara görə isə, reallıqda atılmışların sayı qat-qat çoxdur. Bu uşaqlar sonradan dövlətin himayəsinə alınıb körpələr evlərinə yerləşdirilsələr də, ata-ana nəvazişindən məhrum böyüyürlər. Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayev deyir ki, bu, cəmiyyətdə müşahidə olunan müxtəlif problemlərlə bağlıdır: \ Uşaqların küçəyə atılmasının səbəbləri sırasında bir sıra sosial və psixoloji amiillər var. Bəzən görürsən ki, ortada sevgi olmur və yaxud ötəri ehtiras hissindən uşaq doğulur. Sonradan isə həmin uşağı üzə çıxarmaq istəmirlər. Qadınlar ərsiz uşaq dünyaya gətirəndə 100 faiz bilirlər ki, qınaq obyektinə çevriləcəklər. Bu səbəbdən də uşaqdan canlarını qurtarmaq istəyirlər. Əgər bir qadın ərindən boşanıbsa, heç bir insan onunla ailə qurmaq istəmir. Kimsə onunla evlənəndə də deyirlər filankəsin oğlu gedib bir dulla evlənib. Heç bir ölkədə belə biabırçılıq yoxdur. Yaxud bəzən insanlar müəyyən yaşa çatan kimi evlənmək istəyirlər. Amma onlar evliliyə və ailə qayğılarını daşımağa hazır deyillər. Bu halda da çıxış yolunu uşaqdan imtinada görürlər. Həmçinin son dövrlər cəmiyyətdə sosial problemlər artıb. İnsanların işsizlik, evsizlik problemi var. Yeniyetmə çağında ailə quranların əksəriyyəti sonradan yollarını ayırırlar. Ayrılan tərəflər isə doğulan uşağa sahib çıxmaq istəmirlər. Bu gün gənclərin böyük hissəsi o qənaətdədir ki, imtina etdikləri uşaqları kimsə himayəyə götürüb saxlayacaq. Yeri gəlmişkən deyək ki, sovet dövründə daha ağır durumda yaşayanlar vardı. Amma onlar çıxış yolunu uşaqdan imtinada görmürdülər. Bu halların olmaması üçün insanlarla profilaktiki iş aparılmalıdır\ .Xalid AZƏR