Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub


Baxıldı : 161

Tarix : 2020-02-07 13:40:05


Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 2011-ci ildə vəfat edib. Biz 3 bacı-qardaşıq. Eşitmişik ki, hər birimiz atama görə vergidən azad olmalıyıq. Əgər belədirsə, biz əvvəlki illərin də pulunu ala bilərikmi?

 

İdris MƏMMƏDOV, Bakı şəhəri.

 

Vergi Məcəlləsinin 102-ci maddəsi gəlir vergisindən azadolmalar və güzəştlərdən danışır.

Sizi maraqlandıran məsələ 102.2.5. maddəsinə 30 noyabr 2018-ci ildə əlavə olunmuşdur. Bu vaxta kimi həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılırdı. Yeni redaksiyada həmin şəxslərin övladları da nəzərə alınmışdır.

Gəlir vergisinin 400 manat məbləğində azaldılması həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hamısına şamil olunur.

Nəzərinizə çatdırırıq ki, həmin Məcəllənin 102.1.6. maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları həm 200 manat gəlir vergisindən azad olur, həm də hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri üçün 400 manat güzəşt hüququna malikdirlər. Odur ki, bu şəxslərin gəlirləri 600 manat azaldılaraq gəlir vergisinə cəlb edilir.

Bu güzəşt hüququndan istifadə etmək üçün əsas iş yerinə Nazirlər Kabinetinin təsdiq etdiyi “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na uyğun olaraq sənədlər təqdim olunmalıdır.

Güzəşt hüququnun əvvəlki dövrlərə aid edilib-edilməməsi məsələsi də qanunvericilikdə tənzimlənmişdir. Vergi Məcəlləsinin 102.8. maddəsində deyilir ki, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Bu güzəşt üçün tələb olunan sənədləri əsas iş yerinə təqdim etdikdən sonra siz həmin güzəşt hüququndan istifadə edə bilərsiniz.

 

İdarə rəhbəri boş iş yerlərinə Dövlət Məşğulluq Xidməti tərəfindən göndərilənləri işə qəbul edirsə, bu haqda harasa məlumat verməlidirmi?

 

İslam BAĞIROV, Sumqayıt şəhəri.

 

-”Məşğulluq haqqında” qanuna müvafiq olaraq, işəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsi üçün kvota ilə müəyyən edilmiş iş yerlərinə işçi qəbul etməklə yanaşı, həm də boş iş yerləri, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında da müvafiq rayon məşğulluq mərkəzlərinə məlumat verməlidirlər.

Adıçəkilən Qanunun 18-ci maddəsinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) müəyyən etdiyi orqana (quruma) həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər.

Qeyd olunan məlumatların təqdim olunmamasına görə işəgötürənlər inzibati qaydada  məsuliyyət daşıyırlar. Bu məsuliyyət İXM-nin 540-cı maddəsində müəyyən edilmişdir. Məcəllənin 540.2. maddəsinə görə ƏƏSMN-ə, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və ya işdən çıxarılanlar haqqında müvafiq hesabatın təqdim edilməməsinə görə məsul şəxslər otuz-altmış manat məbləğində cərimə edilir.