Avropa Regional Sosial Təminat Forumu başa çatıb


Baxıldı : 324

Tarix : 2019-06-07 10:27:35


Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu başa çatıb. Üç gün davam edən Forumda  BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.

Forumun açılışında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, Avropa ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib.

BSTA-nın Prezidenti Yoakim Bröyer Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Forumda digər çıxışlar da olub.

Xatırladaq ki, BSTA Beynəlxalq Əmək Təşkilatının himayəsi altında 1927-ci ildə yaradılıb və əsas məqsədi sosial təminat sahəsində qabaqcıl standartları inkişaf etdirmək və təşviq etmək, bu sahədə beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Təşkilat dünyanın, Azərbaycan da daxil olmaqla, 158 dövlətinin sosial təminat sahəsi üzrə fəaliyyət göstərən 330 qurumunu ətrafında birləşdirir.

BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində keçirilməsi qərarı ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisidir. Bu tədbir zamanı region üçün aktual sosial məsələlər müzakirə edilməklə yanaşı, sosial dövlət olan Azərbaycanda dinamik iqtisadi inkişaf şəraitində güclü sosial siyasətin formalaşdığı, əhalinin rifah halının yaxşılaşdırılması, həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımlar nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.