Avropada işsizlik artmaqdadır


Baxıldı : 489

Tarix : 2020-09-04 15:15:49


Avropa Həmkarlar İttifaqları Konfederasiyası milli hökumətləri iş yerlərini qorumaq üçün təcili tədbirlər görməyə çağırır. Qeyd edək ki, Avropa Birliyində (AB) artıq beşinci aydır işsizlik artmaqdadır. 

Avropanın Statistika Bürosu “Eurostat” tərəfindən yayımlanan rəsmi məlumatlar  təcridetmə tədbirlərinin yüngülləşdirilməsinə baxmayaraq,  iyun-iyul ayları arasında 336 min nəfərin daimi işsiz qaldığını göstərir.

Bu, mart ayında karantin başlanandan bəri itirilən iş yerlərinin sayının 1,5 milyonu keçdiyi anlamına gəlir. Bununla da AB-də ümumi işsizlik səviyyəsi 15 milyona çatıb. Mart ayından işsizlik göstəricisi 6,4 faizdən 7,2 faizə, gənclər arasında isə 14,5 faizdən 17 faizə qədər artmışdır.

Üstəlik, qısamüddətli iş sxemləri üzrə çalışan 45 milyon insan fövqəladə tədbirlərin uzadılmayacağı təqdirdə, işsiz qalmaq riski ilə üzləşir.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini deyib ki, hökumətlər təcrid qaydalarını yumşaltmağa başladıqlarına baxmayaraq, bu yay işsizlik hələ də sürətlə artmaqdadır.  Biz hələ də iqtisadi böhran vəziyyətindəyik. İş yerlərinin və əməkhaqqının qorunması üçün görülən tədbirlər real bərpa başlayana qədər qüvvədə qalmalıdır. Avropada işləməyən insanların sayı qəbuledilməz dərəcədə çoxdur. Nəzərə alsaq ki, 45 milyon insan işdən azad olmaq təhlükəsi qarşısındadır, həmkarlar ittifaqları tərəfindən təmin edilən iş yerlərinin müdafiəsi siyasəti vaxtından əvvəl ləğv olunsa, vəziyyət daha pis ola bilər.