Avropanın diqqətini çəkən sərgi


Baxıldı : 339

Tarix : 2015-02-28 02:30:00


Xocalı soyqırımını əks etdirən \ Üç nəsil, bir soyqırımı\ adlı əşya və foto sərgisi İstanbul, Brüssel, Haaqadan sonra Ankarada - Türkiyə Böyük Millət Məclisinin himayəsində olan Mustafa Necati Mədəniyyət Evində açılıb. Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında hər iki ölkənin media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak edib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Meral Akşener, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, millət vəkili, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Sinan Oğan, türkiyəli deputatlar Hasan Hüseyin Türkoğlu, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Türkiyənin bir sıra həmkarlar təşkilatları və QHT-lərin təmsilçiləri, eləcə də Xocalı soyqırımının şahidləri sərginin açılışına qatılıb. Türkiyənin Xocalı məsələsində həssaslığını ifadə edən və parlamentdəki Xocalı ilə bağlı fəaliyyətinə toxunan Necdet Ünüvarın çıxışından sonra TBMM-in sədr müavini Meral Akşener, Sinan Oğan və Elman Məmmədov qara lenti kəsərək sərgini açıb. Açılışdan sonra sərgini gəzən qonaqlara TÜRKSAM təmsilçiləri Xocalı soyqırımı haqqında geniş məlumat verib. Millət vəkilləri \ Üç nəsil, bir soyqırımı\ xatirə kitabına ürək sözlərini yazıb. Ziyarətçilər onlara paylanan türk və ingilis dillərində \ Üç nəsil, bir soyqırımı\ kitablarını maraqla qarşılayıb. \ Üç nəsil, bir soyqırımı\ sərgisinə Avropada da böyük maraq var. Dünyanın hər yerindən sərgini izləmək imkanı əldə etmək üçün eyni adlı virtual muzeyin də daxil olduğu internet səhifələri ziyarətçilərin ixtiyarına verilib. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən \ Üç nəsil, bir soyqırımı\ martın 1-dək davam edəcək. Bəyalı RZAYEV