Avtobuslar can almaqda davam edir


Baxıldı : 205

Tarix : 2016-03-11 05:17:00


Respublikamızda sərnişindaşıma sahəsində problemlər qalmaqdadır. Təkcə son 10 gündə sərnişin avtobuslarının iştirakı ilə törədilən qəzalarda 5 nəfər həyatını itirib, 40 nəfərdən artıq insan yaralanıb. Təəssüf ki, dünyasını dəyişənlər arasında azyaşlılar da var. Qəzaların səbəbi hələ də (\ Baku Bus\ sirkətinin avtobusları istisna olmaqla) köhnə avtobusların paytaxt küçələrində qayda-qanuna əməl etməməsidir. Sərnişin daşınması ilə məşğul olan şirkətlərin bu hadisələrdən sonra cəzasız qalmasıdır. Avtobuslar tərəfindən törədilən qəzalarda adətən sürücülər cəzalandırılır. Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir: \ Həm kadr seçimində, həm də idarəetmədə biabırçı vəziyyət hökm sürür. Sahibkarların əksəriyyəti o qənaətdədir ki, nə bilirsən elə, sadəcə, pul gətir. Bu prinsipi əsas götürən sürücülər də, təbii ki, sərnişinlərin rahatlığını yox, 20 qəpik uğrunda mübarizə aparırlar. Sürücünün tibbi müayinədən, avtomobilin isə texniki baxışdan keçirilməməsi, sürücülük hüquqi olmayan şəxsin işə götürülməsi və ona sərnişin avtobusunun həvalə edilməsi baş vermiş qəzalarda rol oynayır. Avtobus sürücüsünün sənədi yoxdursa, buna görə hətta inzibati həbs cəzası var. Avtobusun məxsus olduğu həmin şirkətin özü üçün külli miqdarda sanksiyalar nəzərdə tutulur. Sərnişindaşıma işini təşkil edən şirkətlərin baş verən hadisələr zamanı məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş cəzalar var. Amma təcrübədə bu qaydalar tətbiq edilmir. İndiyədək daşıyıcı şirkətlərə qarşı heç bir iddianın qaldırılmamasında qaranlıq məqamlar var. Yaxşı olar ki, həmin şirkətlərə heç bir güzəşt edilmədən nəzarət həyata keçirilsin. Digər tərəfdən, sərnişin avtobuslarının hamısı kart sisteminə keçirilməli və sürücülər əməkhaqqı ilə çalışmalıdır. Sürücü peşəkarlığı artırılmalı, sürücülərin fəaliyyəti daim nəzarətdə saxlanmalıdır. Əks halda sürücülər üçün yenə də sərnişinlərin təhlükəsizliyi, eləcə də yol hərəkəti qaydaları ikinci planda qalacaq\ .Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov isə səsləndirilən iddialarla razılaşmır. Onun sözlərinə görə, hər gün qayda pozuntusuna yol verən onlarla sürücü cəzalandırılır: \ Bunun əyani şahidi olmaq üçün cərimə meydançalarına da baxmaq kifayət edər. Hər həftə qayda pozuntusuna yol verən onlarla avtobus sürücüsünə qarşı inzibati protokol tərtib edilir. Sürücülər daha çox təhlükəli manevrlər etmə və yolayrıcılarını keçmə qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilib. Paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və asayişin qorunması üçün mövcud texniki vasitələrin imkanlarından da istifadə edilir. Təkcə kameraların köməkliyi ilə gün ərzində 100-dən çox avtobus sürücüsü barəsində tədbir görülməsi üçün fotomateriallar hazırlanır\ . Xalid AZƏR