Avtobuslar marşrut xəttindən uzaqlaşdırılacaq


Baxıldı : 309

Tarix : 2015-02-21 04:37:00


Ölkədə keçiriləcək Avropa Oyunları ilə əlaqədar ictimai nəqliyyat sektorunda ciddi islahatlar aparılacaq. İstismara yararsız, sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslar marşrut xəttindən uzaqlaşdırılacaq. Avtobuslardakı hər hansı bir kiçik problem hərəkət zamanı onların öz-özünə alışıb yanmasına, xarab olub yolun ortasında qalmasına səbəb olur. Bu isə nə sərnişinlər, nə də sürücülər üçün arzuolunandır. Nasaz avtobusların xüsusilə Bakı kəndləri istiqamətində, yəni mərkəzdən bir qədər kənarda fəaliyyət göstərdiyini nəzərə alsaq, ilk növbədə həmin avtobusların xətdən çıxarılması gözlənilir.Ekspertlərsə hesab edir ki, ümumiyyətlə, texniki vəziyyəti dəyərləndirilməyən avtobuslar xəttə buraxılmamalıdır. Sərnişindaşıma imkanları qənaətbəxş olmayan avtobuslar təmir olunmalı, təmirə yaramadıqda isə xarici ölkələrin təcrübəsində olduğu kimi, ultirizasiya edilməlidir. Ekspert Ərşad Hüsyenovun fikrincə, tək avtobuslar yox, elə onları idarə edənləri də mütəmadi yoxlamadan keçirmək lazımdır. O, hər gün reysə çıxmazdan əvvəl avtobusların texniki baxışdan keçirilməli olduğunu bildirib. Həmçinin sürücülərin sağlamlığı da gündəlik yoxlanılmalıdır. Avropa Oyunları ərəfəsində bəzi avtobusların hərəkət istiqaməti də dəyişdiriləcək. Hazırda Nəqliyyat Nazirliyində xüsusi qərargah yaradılıb. Məqsəd oyunlar ərəfəsində baş verə biləcək hər hansı bir xoşagəlməz halı vaxtında aradan qaldırmaqdır. Buna görə də nazirliyin əməkdaşları paytaxt ərazisində xətdə olan nasaz avtobusları araşdırmağa başlayıb. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, Olimpiya oyunlarına kimi istər paytaxtda, istərsə də paytaxtdan kənarda nümunə üçün də olsa problemli avtobus qalmayacaq. Üstəlik, oyunların keçirildiyi ərazilərdə fəaliyyət göstərən avtobusların hər birinin istiqaməti dəyişdiriləcək. O, oyunların keçirildiyi ərazilərdən, ümumiyyətlə, avtobusların buraxılmayacağını və onların hərəkət edə biləcəyi alternativ yolların müəyyənləşdiriləcəyini qeyd edir. Sürücülərin vahid geyim formasına keçməsinə də çox az vaxt qalıb. AZƏR