Avtomobil bazarında durğunluq


Baxıldı : 257

Tarix : 2015-10-02 06:46:00


Son aylar paytaxtın maşın mazarında durğunluq hökm sürür. Bu ilin əvvəlindən həm aksiz vergisinin tətbiqi, həm manatın məzənnəsinin aşağı düşməsi maşın bazarına da təsirsiz ötüşməyib. Belə ki, manatın ucuzlaşması onsuz da durğun olan maşın bazarını daha da gərgin vəziyyətə salıb. Bu arada işlənmiş avtomobillərin qiymətlərində də azalma var. Hazırda bazarda olan 2005-ci il buraxılışı \ Mercedes-Benz\ markalı avtomobilin qiyməti 20 min dollara təklif olunur. Satıcı deyir ki, bu avtomobil bir müddət öncə 23 min manata təklif olunub. 2013-cü il buraxılışlı olan \ Renault\ 12 min dollara təklif edilir. \ Honda CR-V\ 25 min, 2008-ci ilin buraxılışı olan \ Toyota Prado\ nun isə qiyməti 27 min dollardır. Baxmayaraq ki, qonşu Gürcüstandan ölkəmizə idxal edilən avtomobillərin sayı azalıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 2844 minik avtomobili ixrac olunub. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8 dəfə azdır. Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 8 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir. Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 51,24 milyon dollar olan avtomobillər ixrac edilib. Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 29,7 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 41,1 faiz təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,55 dəfə (dəyər baxımından), say nisbətində isə 10,95 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182,13 milyon dollar həcmində 13,79 min avtomobil ixrac edilib. Hazırda ölkəmizə avtomobil idxalının azalması 2014-cü il aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan \ Avro-4\ ekoloji standartına keçidlə əlaqələndirilir. Çünki \ Avro-4\ ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobil bazarı üzrə ekspert Ramil Osmanlı isə deyir ki, manatın devalvasiyası, maşınların dollarla satılması qiymət artımına səbəb olub: \ İlin əvvəli ilə müqayisədə avtomobillərin dollar ekvivalentində qiymət artımı olmasa da, manat ekvivalentində qiymət artımı var. Əvvəl 10 min dollara satılan avtomobilə təxminən 7 900 manat ödənilirdisə, indi bu məbləğ 10 min 500 manata yaxındır. İşlənmiş avtomobillərin idxalının azalması isə bazarda vəziyyəti bir qədər ağırlaşdırıb. Amma əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi tələbin təklifi üstələməsinə imkan vermir. Bu prosesin hələ bir müddət də davam edəcəyi gözlənilir. Ekspertin qənaətinə görə, bankların köhnə maşınları kreditləşdirməməsi də bu vəziyyətin yaranmasında rol oynayıb: \ Əvvəllər ölkəmizə Gürcüstan nömrəsi ilə də avtomobillər gətirilirdi. Həmin avtomobillərə müştəri tapıldıqdan sonra sənədləri rəsmiləşdirib alış-veriş edirdilər. Depozit üsulu tətbiq olunandan bəri durum dəyişib, daha ölkəyə o şəkildə maşın gətirmirlər. Hazırda ümumi alıcılıq qabiliyyətinin azalması isə vəziyyəti daha da gərginləşdirir. Buna görə də qarşıdakı aylarda vəziyyətin düzələcəyi gözlənilmir\ .Xalid AZƏR