Avtomobil bazarında çətin vəziyyət


Baxıldı : 170

Tarix : 2016-01-23 11:21:00


Ötən ilin dekabrında baş verən devalvasiya təkcə idxal olunan məhsulların qiymətinin bahalaşması ilə nəticələnməyib. Bu həm də vətəndaşların daşınar və daşınmaz əmlaklarının dəyərsizləşməsinə səbəb olub. Hazırda əmlakı daha çox dəyərsizləşən vətəndaşlardan biri də avtomobil sahibləridir. Çünki uzun illər respublikamızda əmlak alqı-satqısı ABŞ dolları ilə aparılıb.Bu mənada manatın ucuzlaşması ilə avtomobil sahibləri də maddi itkiyə məruz qalıb. Paytaxtın Badamdar qəsəbəsində yerləşən və ikinci əl maşınların satıldığı maşın bazarında apardığımız müşahidələr də bunu göstərdi. Bazarda avtomobil satışı ilə məşğul olan Ramin Mehdiyev deyir ki, son bir ayda alıcıların sayı dəfələrlə azalıb: \ Kəskin ucuzlaşma həm Rusiya istehsalı, həm də Avropa ölkələrində istehsal edilən avtomobillərdə müşahidə olunur. Qiymətlərin ucuzlaşması da satışa təsir etməyib. Belə ki, əvvəllər 10 min dollara satılan maşınlar indi 7-8 min manata təklif edilir. Buna baxmayaraq, bazarda elə bir canlanma yoxdur. Hazırda da az-çox satılan isə \ Mercedes\ maşınlarıdır\ . Ekspert Ramil Osmanlı da deyir ki, ötən ilin əvvəllərindən başlayaraq avtomobillərin satışında azalma müşahidə olunur: \ Bazarda avtomobillərə tələbatın azalması ötən ilin əvvəlindən özünü göstərməyə başladı. Avtomobillərin kreditlə satışına yaradılan maneələrdən sonra banklar avtomobil kreditlərini dayandırdı. Digər tərəfdən, ölkəmizdə \ Avro-4\ standartlarının tətbiqi ucuz avtomobillərin ölkəyə gətirilməsini əngəllədi. Bu iki amil isə birdən-birə avtomobil alqı-satqısını aşağı saldı. Devalvasiya isə bu durğunluğu bir qədər də artırdı. Devalvasiyadan sonra satıcılar qiymətləri dollara uyğunlaşdırdılar. Belə olan halda xarici valyutada təklif edilən maşınların qiyməti ucuzlaşdı. Amma alıcı olmadığından daha aşağı qiymət təklif edənlər də var. Hazırda əhali daha çox gündəlik ehtiyaclarını ödəmək barədə düşünür. Buna görə də yaxın dövrdə avtomobil bazarında müsbətə doğru bir dəyişiklik gözlənilmir\ .Xalid AZƏR