Avtomobil bazarından gözləntilər


Baxıldı : 118

Tarix : 2016-11-14 18:53:00


Avtomobil bazarında yaranan durğunluq, ilin sonuna yaxın qiymətlərin nisbətən aşağı düşməsi vətəndaşlara yaxşı yatırım fürsəti yaradıb. Avtomobil ekspertləri bildirirlər ki, hazırda ikinci əl avtomobil bazarı ilə yanaşı, rəsmi dilerlər ötən ildən qalan avtomobilləri sataraq stokları boşaltmaq üçün qiymət endiriminə gedirlər. Amma bu, çox uzun çəkməyəcək. Belə ki, dolların məzənnəsi ilə bağlı yaranan qeyri-müəyyən vəziyyət ölkəyə yeni ildən gətiriləcək avtomobillərin yenidən bahalaşacağını göstərir. Yeni avtomobillərin bahalaşması ikinci əl avtomobil bazarına da təsir edəcək.Avtomobil eksperti Əyyub Əliyev bildirib ki, Azərbaycana yeni avtomobillər adətən fevral ayından gətirilir. Ona görə də fevral ayından yeni qiymətlərlə gətirilən avtomobillərin 30-40 % bahalaşacağı gözlənilir. Amma qiyməti nisbətən ucuz, yəni 15-20 min manata kimi olan işlək ikinci əl avtomobillər alıb bir neçə ay saxlamaqla pul qazanmaq mümkündür. Söhbət 2012-2015-ci illərə aid \ Kia Cerato\ , \ Chevrolet Aveo\ ,\ Kia Rio\ , \ Hyundai Accent\ , \ Changan Eado\ tipli avtomobillərdən gedir. Ekspert hesab edir ki, indi avtomobil almaqla bir maşından 500-3000 manat gəlir əldə etmək imkanı yaranacaq. Yəni 11-12 min manatlıq avtomobil fevral ayından 15 min manata kimi bahalaşacaq. Amma avtomobilə yatırım etmək istəyənlər dekabr ayının sonuna qədər yaranan fürsətdən yararlanmalıdırlar. Ə.Əliyev bildirib ki, hazırda ikinci əl bazarında nisbi canlanma yaranıb. Səbəb isə satıcıların sürətlə ikinci əl avtomobilləri alması ilə bağlıdır. Belə ki, onlar əvvəlcədən bazarda baş verəcək tendensiyanı izləyirlər. Bəzi hallarda satıcılar 1999-2000-ci il model \ Mercedes\ ləri ucuz olaraq kosmetik təmirlə baha satırlar. Amma onların istismar müddəti bitdiyi üçün tez-tez problemləri çıxır. Ekspert hesab edir ki, avtomobilə yatırım etmək istəyənlər köhnə \ Mercedes\ lərdən uzaq durmalıdırlar. Ekspert satıcılarla yanaşı, artıq bəzi müştərilərin də avtomobildən gəlir etməyə çalışdıqlarını deyib. Belə ki, müştərilərdən biri ikinci əl \ Changan Eado\ avtomobilini rəsmi dilerdən ilkin ödənişlə alıb. Əvvəlcə 3500 manat ödəyərək, aylıq olaraq 450 manat ödəyir. Bununla belə, həmin avtomobili elan saytında satışa çıxararaq ilkin ödəniş üçün 4500 manat tələb edir. Əsli ƏHMƏDOVA