Avtomobilçilər məğlubiyyət bilmirlər


Baxıldı : 291

Tarix : 2015-10-23 03:40:00


\ Zenit\ İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVIII Respublika Spartakiadası keçirilir. Spartakiadada Aviasiya, Elektroenergetika və Elektrotexnika, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Müdafiə Sənayesi Həmkarlar İttifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Metropoliten və \ Bakı Stil Kompani\ işçiləri həmkarlar ittifaqı birliklərinin xidmət dairəsinə aid təşkilatların üzvləri idmanın 10 növü üzrə yarışlarda iştirak ediblər.İlkin olaraq mübarizəyə mini-futbolçular və voleybolçular qoşulmuşlar. Hər iki yarış Aviasiya Akademiyasının idman kompleksində baş tutmuşdur. Mini-futbolçuların qarşılaşmasında Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının yığması elə start görüşdən nəyə qadir olduğunu göstərə bilmişdir. Onlar qələbə əzmini sona qədər qoruyub saxlamağı bacardılar. Rəqiblərini həm peşəkarlıqda, həm də qələbələrin sayında üstələyən avtomobilçilər fəxri kürsünün ən yüksək pilləsində qərar tutdular.Metropoliten İşçiləri Həmkarlar İttifaqının futbolçuları da spartakiadaya çempion iddiası ilə gəlmişdilər. Lakin bu arzularını həyata keçirmək üçün texniki və fiziki qüvvələri çatmadı. Fəxri kürsünün ikinci pilləsində qərar tutdular.Üçüncü yerə isə aviasiya işçiləri həmkarlar ittifaqının təmsilçiləri çıxdılar.Avtomobilçilər voleybolçuların yarışında da fərqləndilər, çempion tituluna sahib oldular. Metropolitençi voleybolçular isə mini-futbolçu həmkarlarının uğurunu təkrar edə bilmədilər. Bu dəfə üçüncü nəticə ilə kifayətləndilər. İkinci yeri Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının idmançıları tutdular.Hər iki növ üzrə I-III yerlərin sahiblərinə təntənəli şəkildə mükafatlar təqdim olundu.Əhəd İBADOV