Avtomobillərin icbari sığorta haqları artırıla bilər


Baxıldı : 295

Tarix : 2015-02-07 13:43:00


Avtomobillərini icbari sığorta etdirən vətəndaşların sığorta şirkətlərinə qarşı şikayətlərini mətbuatdan da tez-tez oxuyuruq. Sığorta ödənişlərini yığmaqda böyük canfəşanlıq edən sığorta şirkətləri hər hansı sığorta hadisəsi baş verdikdə mümkün qədər ödəniş etməkdən yayınmağa çalışır. Hətta bəzən sürücülər sığorta ödənişlərini almaq üçün yaradılan bürokratik sədləri aylarla keçə bilmir. Bu narazılıq geniş ictimailəşdiyindən bəzi millət vəkilləri problemi hətta parlament səviyyəsində qaldırıb. Belə bir vəziyyətdə isə avtomobillərin icbari sığorta haqlarının artırılması məsələsi gündəmə gəlib. Belə ki, 2015-2017-ci illərdə sığorta bazarının inkişafı ilə bağlı Tədbirlər Planında avtomobillərin icbari sığortası üzrə sığorta məbəğlərinin artımı nəzərdə tutulur. Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov deyir ki, sığorta şirkətlərinin əksəriyyəti məsuliyyətli deyil: \ Biz təklif edirik ki, icbari sığorta haqları avtombillərin mühərrikinin həcminə görə müəyyənləşdirilsin. İlk növbədə mühərrikin həcmi böyük olan avtomobillər üçün sığorta haqqı artırılsın. Bu, mühərrikinin həcmi 4000 kubsantimetrədək və daha artıq olan avtomobillərə tətbiq edilsin. Bu avtomobillərə sığorta haqqının artırılması qəbul oluna bilər. Amma mühərrikinin həcmi kiçik olan avtomobillərin sahibləri maliyyə imkanları məhdud olan vətəndaşlardır. Onlar üçün sığorta haqlarının artırılması arzuolunan deyil. Digər tərəfdən, sığorta şirkətlərinin məsuliyyətinin artırılması istiqamətində də iş aparılmalıdır. Təəssüf ki, şirkətlər sığorta ödənişlərinin verilməsində məsuliyyətli deyillər. Sığorta ödənişlərinin verilməsi, icbari olsa da, bu sığorta şirkətlərinin fəaliyyətində özünü göstərmir. Sığorta şirkətləri üçün də xüsusi qaydaların tətbiq edilməsinə ehtiyac var. Əks halda bu, avtomobil sahblərinin xərclərinin artırılmasına gətirib çıxaracaq ki, bu da arzuolanan deyil\ .Xalid AZƏR