Avtomobillərin qiymətində növbəti artım?


Baxıldı : 392

Tarix : 2015-01-10 03:26:00


Azərbaycana gətiriləcək avtomobillərin qiymətində artım olacaq. Buna səbəb kimi isə Vergi Məcəlləsinə edilən son dəyişikliklər göstərilir. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğləri artırılır. Qiymət artımı mühərrikin həcmindən asılı olaraq dəyişəcək. Mühərrikinin həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-3000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr olan avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha çox olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, avtomobillərin qiymətində artım qaçılmaz olacaq: \ Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13300 manat artıracaq. Amma bu, dəqiq iqtisadi əsaslandırma ilə bağlı deyil. Əslində, dediyim kimi, mühərrikin həcmi kiçik olan avtomobillərdə aksiz vergisinin artması qiymətə cəmi 100 manat təsir edəcək. Normalda bu artımı satıcılar öz üzərlərinə götürməlidirlər ki, satış aşağı düşməsin. Amma bunun belə olacağını düşünmürəm. Bu qiymət artımları isə avtomobil bazarına mənfi təsir edəcək. Onsuz da hökumətin son illər gördüyü tədbirlər ona hesablanıb ki, ölkəyə gətirilən avtomobillərin sayı az olsun. Bu səbəbdən qiymət artımının həm də ölkəyə gətirilən avtomobillərin sayına təsir edəcəyi gözləniləndir\ . Gözlənilən qiymətlərin artımı alıcılarla yanaşı, satıcıları da narahat edir. Avtomobil ticarəti ilə məşğul olan Arif Həsənov deyir ki, hələ ki, qiymətlər dəyişməyib: \ Qimət artımının bazara yanvarın sonlarında təsir edəcəyi gözlənilir. Çünki hazırda bazarda olan avtomobillər dəyişikliklərdən öncə ölkəyə gətirilən avtomobillərdir. Qiymətlər bahalaşdığı halda isə avtomobil bazarında vəziyyət daha da ağırlaşacaq. Çünki mühərrikin həcmi böyük olan avtomobili gətirsək, qarın, yağışın altında qalıb çürüyəcək. Ən azından gərək mühərrikin həcmi kiçik olan avtomobilləri gətirək. Onsuz da indi də avtomobil alanların sayı azdır. Avtomobillərin qiymətləri 3-4 min manat bahalaşarsa, bu işlə məşğul olmağa dəyməz. Bu qiymətlər əksər insanların büdcəsinə uyğun olmayacaq\ . Xalid AZƏR