“AXC-nin qurulmasında fəhlələrin də rolu vardı”


Baxıldı : 256

Tarix : 2018-05-26 00:29:25


Mayın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Möhbalıyev AXC-nin fəaliyyəti və dövlətçilik ənənələrimizin inkişafı barədə geniş nitq söyləyib.

O, AXC-nin xalqımızın dövlətçilik tarixində əhəmiyyətindən danışıb. Deyib ki, cümhuriyyətin varisi olan müasir respublikamız, hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamı və 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmış, ilk respublika dövründə  həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

 

Prezident İlham Əliyev AXC-nin müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd etmişdir.

Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

Fərəhli haldır ki, AXC-nin müasiri olan Azərbaycan həmkarlar ittifaqları Cümhuriyyətin 100 illiyini uğurlarla qarşılayır. Bizim üçün əlamətdar  sayılan 2018-ci ildə AHİK-in 25 illik yubileyini və V qurultayını keçirmişik. Ölkəmizdə həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olmuş, dövlətimiz  bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırmışdır. Həmkarlar ittifaqına doğma münasibətilə ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı, ölkə Prezidenti İlham Əliyev qurultayımıza təbrik məktubunda qeyd etmişdir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür. İlham Əliyev cənabları bir daha həmkarlar ittifaqının qüvvəsinə inandığını, ona dərin etimad göstərdiyini vurğulamışdır.

Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevrilmişlər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır.

Bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 100 il əvvəl, 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə çətin tarixi vəzifə götürdü. Zaqafqaziya Müsəlman Şurası  özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan  etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

28 may 1918-ci il tarixində qəbul edilən ilk normativ-hüququ akt 25 nəfərin daxil  olduğu Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən “Azərbaycanın İstiqlalı haqqında” Bəyannamə idi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında və Şərqdə - ilk dəfə Azərbaycanda demokratik respublika yaradılmasından xəbər verdi. Artıq mayın 30-da Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. Dekabrın 7-də Parlamentin ilk iclası oldu. Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, M.Hacinski baş katib seçildilər.

AXC Milli Şurası, Parlamenti və Hökuməti çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil dövlətin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyətə başlamışdı. O zaman Bakıda, S.Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Soveti Azərbaycana qarşı düşmənçilik fəaliyyəti göstərirdi. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı Kommunasının azərbaycanlı əhalinin arasında nüfuzu tamamilə itmişdi. Azərbaycanın qəzalarında isə hərc-mərclik hökm sürürdü. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada keçirilən I qurultayı Yuxarı (Dağlıq) Qarabağı müstəqil elan etdi. Ermənistan hökuməti isə Qarabağda işğalçılıq planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələrini yeritdi. Qarabağ torpağını ələ keçirməyə can atan daşnaklar nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi qüvvələr göndərməli oldu.

Yeni yaradılan Qarabağ general-qubernatorluğu Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynamışdır. Qarabağı Azərbaycandan ayırmaq istəyən və daim azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən erməni Milli Şurasının rəhbərləri Azərbaycan hakimiyyətini tanımadıqlarını bəyan etdiklərinə görə Qarabağdan sürgün edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qətiyyətli tədbirləri nəticəsində Azərbaycan ərazisini qəsb etmək istəyən Ermənistanın Yuxarı Qarabağla əlaqədar ərazi iddiaları puça çıxmışdı.

Tarixi həqiqət olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üçün çətin və təhlükəli  olan 1918-ci ildə yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabr ayının 15-də Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olundu. Sentyabrın 17-də isə F.Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Bu yardım erməni millətçilərinin və onların havadarları olan  bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata keçirilməsinə mane olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. Parlamentin fəaliyyəti dövründə 145 iclası keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış və onlardan 230-a yaxını qəbul edilmişdir.

1920-ci ilin  yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın  siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi.

Parlamentdə əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar  qəbul edilmişdir. 1919-cu ildə “Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında”, “Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında” və d. qanunlar qəbul etmişdir. Həmin Xüsusi Müşavirənin tərkibinə daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən, inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olmuş, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır. Həmişə çıxışlarında sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid etmiş, fəhlələrin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti öncülləri Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları mətbuatdakı çıxışlarında XX əsrin əvvəllərində ictimai-siyasi hüquqsuzluqdan söz açır, millətin oyanmasına, işçilərin hüquqlarının qorunması üçün güclü təşkilatın qurulmasına, xeyriyyəçilik cəmiyyətlərinin yaradılmasına çalışırdılar. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsini yaymışlar.

Səttar müəllim çıxışının sonunda demişdir: Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsi ən böyük ehtiramla daima  xalqımız tərəfindən yad edilir.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Vəkil Həsənov geniş məruzə ilə çıxış etdi.

Sonda S.Möhbalıyev bir qrup həmkarlar ittifaqı liderinə “Tərəqqi” medalı və “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley döş nişanı”nı təqdim etdi.

Cavid SƏFƏROV