AXC xalqımızın tarixində, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxıb


Baxıldı : 449

Tarix : 2018-04-07 00:05:21


 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk dəfə Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir ali təhsil müəssisəsini - Bakı Dövlət Universitetini təsis edib.

1918-ci il mayın 28-dən süquta uğradığı 1920-ci il aprelin 28-dək AXC beynəlxalq aləmdə tanınmaq uğrunda çətin diplomatik mübarizəyə qatılıb. Üzləşdiyi bütün ədalətsizlik və yaradılan süni maneələrə baxmayaraq, müstəsna tarixi əhəmiyyətə malik siyasi nailiyyətlər qazanmağı bacarıb. Bu dövlət Bakı nefti uğrunda vuruşan ölkələrin işğalçı planları ucbatından beynəlxalq aləmdə de-yure tanınmayıb.

Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

Cümhuriyyət hökuməti dünyanın bir sıra ölkələri ilə iqtisadi əlaqə yaratmağa nail olmuşdu. AXC-nin iqtisadi platformasında mülkiyyət plüralizmi - dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və onun digər formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulub. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olub. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılıb. AXC xalqımızın tarixində, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxıb.

Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.