“Ayaq üstə qalmaq istəyiriksə təhsilimizi, xüsusilə texnoloji təhsilimizi gerçəkləşdirməliyik”


Baxıldı : 122

Tarix : 2017-12-15 22:01:38


Dekabrın 7-dən 10-dək Türkiyənin Antaliya şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 16 ölkəsindən həmkarlar ittifaqı mərkəzlərinin 450-yə yaxın nümayəndəsi iştirak edib.

Uluslararası Türk Dünyası Mühəndislik və Fen Bilimləri məsələsinə həsr edilmiş beynəlxalq konfransda Birliyin, Kamu Sen, Türk Egitim Senin başqanı İsmayıl bəy Qonçuk geniş nitq söylədi. Dedi ki, ali məktəblərimizin problemlərini çözmədən ölkələrimizin gələcəyini təmin edə bilmərik. Problemlərimizi isə tərəfdaşlarımızla dialoq aparmaqla həll edəcəyik.

İ.Qonçuk təşkilatın son bir neçə ildə gördüyü işlərdən, qarşıda duran vəzifələrdən danışdı. Konfrasda edilən digər çıxışlarda bildirildi ki, yaşadığımız dönəmdə ölkələr arasında böyük rəqabət mövcuddur. Bu rəqabətə tab gətirmək, ayaq üstə qalmaq istəyiriksə təhsilimizi, xüsusilə texnoloji təhsilimizi gerçəkləşdirməliyik. İqtisadi yüksəlişin təməlini universitetlərdən qoyulmasına nail olmalıyıq. Bu istəyimizə çatmaq isə birliyimizdən, fəaliyyətimizi nə dərəcədə koordinasiya etməyimizdən asılıdır.

Konfrasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin də çıxışı dinlənildi. Mirzə müəllim çıxışının əvvəlində tədbir iştirakçılarına AHİK sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin salamlarını çatdırdı. Bildirdi ki, bu zalda dünyanın coğrafiyası geniş şəkildə təmsil olunub. Mənim üçün fəxrdir ki, Nobel sülh mükafatçısı Geoffrey Lvcermore də daxil olmaqla, 12 məşhur dəvətli ilə bir sırada günümüzün mühüm problemlərinin müzakirəsində iştirak edirəm.

Sonra təmsil etdiyi təşkilatın ali məktəblərlə apardığı işlərdən söz açdı. Dedi ki, ali məktəblərlə iş həmkarlar ittifaqının fəaliyyətində xüsusi yer tutur. Tələbələrin seçdikləri fənlərə marağını artırmaq, vətənpərvər ruhda, cəmiyyətin fəal üzvü kimi formalaşması istiqamətində müxtəlif formatlarda stimullaşdırıcı tədbirlər həyata keçirir.

 M.Cəfərzadə onu da qeyd etdi ki, hər bir üzv ölkənin müsbət təcrübəsi var. Çıxışlarda deyildiyi kimi, bu təcrübələr bölüşdürülməklə biz inkişaf edə bilərik.

Konfrans sonda nəticələr haqqında bəyannamə qəbul etdi.