Aylarla alışdığımız rejim dəyişir


Baxıldı : 260

Tarix : 2015-10-23 01:13:00


Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış-yay vaxtına keçidlə əlaqədar olaraq, hər il olduğu kimi, bu il də oktyabr ayının son bazar günündə, yəni ayın 25-də saatların əqrəbləri bir saat geri çəkiləcək. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir.Saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsi insanların sağlamlığına, xüsusilə sinir sisteminə təsir edir. Bununla bağlı psixoloq Lalə Hüseynovanın fikirlərini öyrəndik. O bildirdi ki, saatların çəkilməsi bir sıra problemlərə səbəb olur: \ İnsanlarda yuxusuzluq, yorğunluq yaranır, stress halı artır, metobolizmada müəyyən dəyişiklərin getdiyinə görə problemlər olur. Çünki insanın aylarla öyrəşdiyi rejim qəfildən dəyişir\ .L.Hüseynova dedi ki, saatların dəyişməsi ən çox uşaqlara, yaşlılara, meteohəssas insanlara və xəstələrə, eyni zamanda insanların psixoloji durumuna ciddi təsir göstərir və belə şəxslərin özünə gəlməsi üçün bir həftə vaxt tələb olunur: \ İnsan orqanizminin öz bioloji saatı var. İnsanlar öz \ daxili saatlarına\ öyrəşdiklərindən saatların çəkilməsi onların psixologiyasına mənfi təsir edir, yuxusuzluq və davranışda müəyyən pozğunluq yaradır.Statistikaya görə, saatların çəkilməsi infarktların artmasına səbəb olur, çünki yaydan qışa keçəndə insan orqanizmi tamamilə zəifləyir, bu perioda bir müddət uyğunlaşa bilmir. Buna misal olaraq göstərmək olar ki, statistikaya görə, Rusiyada infarktların sayı 1,5 dəfə artıb. Orqanizm zəiflədiyinə görə bütün xəstəliklərə, psixoloji durumlara və s. davamsız olur. Bir yandan da bioloji saatın dəyişilməsi orqanizmdə ikinci bir dəyişikliklərin də baş verməsinə səbəb olur. Ona görə də bir çox ölkələr, məsələn, Rusiya, Çin, Yaponiya, Cənubi Koreya bu sistemdən imtina ediblər. Digər bir fəsadı isə yaşlı insanlarda ürək-damar, sinir sistemi xəstəlikərinin güclənməsinə gətirib çıxarır. Hər bir insanın özünün uyğunlaşdığı bioloji ritm var. Ancaq saatlar irəli, yaxud geri çəkildikdə bu bioloji ritmlər pozulur. Psixoloq onu da qeyd etdi ki, bu dəyişikliyin insan səhhətinə vurduğu zərəri azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar. Saat çəkiləndən sonra insan orqanizminin ona uyğunlaşması 2 həftəyə yaxın vaxt alır. Ən yaxşı profilaktik tədbir odur ki, bu müddətdə həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salın. Orqanizmə daha çox yatmağa imkan verin. Əvvəlki vaxtla yatmağa, yeni vaxtla isə yuxudan durmağa çalışın. Saatların əqrəblərinin irəli və ya geri çəkildiyi tarixdən 1-2 həftə əvvəldən başlayaraq yuxu rejimləri tədricən tarazlanmalıdır. Bu müddətdə insanlar yatma və oyanma vaxtlarını hər gün ərzində 10-15 dəqiqə dəyişməlidirlər. Bununla insan öz orqanizmini daha tez yuxuya getməyə, daha tez yuxudan oyanmağa öyrəşdirir və sonda narahatlıq halları da azalar. Bundan başqa, işləri çox olanlar yavaş-yavaş işlərini azaltmalı, qidalanmaya diqqət etməli, C vitamini olan qidalardan daha çox istifadə etməli, açıq havada daha çox olmağa, gec saatlarda idman hərəkətlərindən uzaq durmağa çalışmalıdırlar.Bəzi mənbələrdə qış vaxtına keçidin müsbət iqtisadi effekt verdiyini də qeyd edirlər. Belə ki, bu qanunun qəbul edildiyi ölkələrdə, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsində 2 faizədək qənaət yaradır. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. ALİYƏ