Ayrı-seçkilik əmək sektorunda problemlər yaradır


Baxıldı : 47

Tarix : 2017-08-04 20:32:10


İş dünyasında gender bərabərliyinə nail olmaq istiqamətində əhəmiyyətli irəliləyişə baxmayaraq, hələ də bəzi faktorlar bunun qarşısını alır. Gender problemi əmək bazarının ən böyük çatışmazlıqlarındandır. Qlobal səviyyədə qadınların kişilərə nisbətən iş tapmaq imkanları məhduddur. Bundan başqa, həm ödənişli əmək, həm də könüllü işlərdə kişilərin daha uzun müddət işləmək qabiliyyəti seçimdə onlar üçün üstünlükdür. Sosial vəziyyətlə əlaqədar qadınlar daha azmaaşlı part-taym işlərdə çalışmalı olurlar. Bu gender ayrı-seçkiliyi dünyanın hər yerində qadınları iş sektorunda problemlərlə üz-üzə qoyur.

Beynəlxalq Əmək Təşkilatı  sorğu keçirib, Dünya Məşğulluq və Sosial Proqnozlar Bürosunun hazırladığı 142 ölkənin məsələ ilə bağlı hesabatını araşdırıb və aşağıdakı nəticələri əldə edib:

-Ərəb ölkələri və Şimali Afrikada ailə vəziyyəti qadınların iş sektorunda mövqeyinə mənfi təsir göstərsə də, inkişafda olan ölkələrdə evli qadınların çalışması daha çox dəstəklənir. Burada iqtisadi zərurilik də əsas təsirə malikdir.

-Ağır yoxsulluq və iqtisadi problemlərlə mübarizə aparan ölkələrdə də qadınların işə meyilliliyində artım müşahidə olunur. Lakin burada iş rejiminin qadına uyğun olması ciddi yoxlanılmalı və istismara yol verilməməlidir.

-Ailədə uşaqların və digər fərdlərin sosial qayğı ilə əhatə olunması da qadınların əmək sektorunda öz yerini tutmasına təsir edir. Bunun zəif təşkil olunduğu,  yaxud  xidmətin xərclərinin çox olduğu ölkələrdə gender problemi daha da genişlənir.

-Digər təsirli amil isə nəqliyyat sistemidir. İnkişaf etmiş ölkələrdə  bu problem gender bərabərliyinə çox təsir etməsə də, digər ölkələrdə qadınların çalışmasına əngəl yaranır.

-Cəmiyyətin dini baxışı da gender bərabərliyinə təsir edən qüvvədir. İnkişaf etmiş ölkələrdə bu, problem kimi nəzərə alınmasa da, bəzi ölkələrdə qadının çalışmasına  münasibət fərqlidir. Dini baxış Avropa ölkələrində qadının əmək bazarında mövqeyinə əks təsir göstərməsə də, Asiya, Afrika ölkələrində işçi sinfin kişilərin hegemonluğunda olmasına imkan yaradır.

Son bir ildə inkişaf etmiş ölkələrdə qadınların işlə təminatında 7,8 faiz artım müşahidə olunsa da, Ərəb dövlətləri və Şimali Afrika ölkələrində bu yöndə 6,4 faizlik geriləmə nəzərə çarpır.

Cavid SƏFƏROV