Azərbayca...


Baxıldı : 214

Tarix : 2016-09-23 04:57:00


Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi mütləq alınmalıdırmı?Əmir ƏLİYEV,Bakı şəhəri.- Bəli, Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Həmin rəyin alınması qaydası \ Konstitusiya Məhkəməsi haqqında\ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu müddəa həmçinin Seçki Məcəlləsinin 119-cu maddəsində də öz əksini tapmışdır. Qocalığına, səhhətinə görə seçki məntəqəsinə gedə bilməyən şəxslər referendumda necə iştirak edə bilərlər? Natiq QOCAYEV,Masallı rayonu.- Bu məsələ öz əksini Seçki Məcəlləsinin 105-ci maddəsində tapmışdır. Belə ki, həmin maddəyə əsasən, məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.Referendum zamanı səsvermə hansı qaydada həyata keçirilir?Vüqar MƏMMƏDOV,Bakı şəhəri.- Referendum zamanı səsvermə digər səsvermələr qaydasında Seçki Məcəlləsinin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir. Məcəllənin 104-cü maddəsində səsvermə qaydası təsbit edilib. Həmin maddəyə əsasən, seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məcəllənin 104.4. maddəsinə əsasən seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər.Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında \ işarələnmədən imtina etdi\ qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.Seçiciyə seçki bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda, o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında \ seçicinin seçki bülletenini alması haqqında imza\ qrafasında imza etməlidir.Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.Seçici doldurulmuş seçki bülletenini səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır. Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.Seçici səsvermə bülletenində referenduma çıxarılan cavab variantlarının birini - \ lehinə\ və ya \ əleyhinə\ (\ hə\ və ya \ yox\ , \ razıyam\ və ya \ razı deyiləm\ ) - seçərək sağda yerləşən boş kvadratda işarə qoyur.Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır. Mətbuatda tez-tez \ aktiv seçki hüququ\ ifadəsinə rast gəlirəm. Aktiv seçki hüququ nə deməkdir?Balaxan VƏLİYEV,Şəmkir şəhəri.- Aktiv seçki hüququ dedikdə Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ başa düşülür.Referendum keçirilməsi haqqında qərar kim tərəfindən qəbul edilir? Vətəndaşların belə bir qərar qəbul edilməsi üçün müraciət etmək hüququ varmı?Səfər NAĞIYEV,Gəncə şəhəri. - Bu məsələ öz əksini Seçki Məcəlləsinin 122-ci maddəsində tapmışdır. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.Seçki Məcəlləsinin 122.2. maddəsinə əsasən, ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.