Azərbaycan MDB-də ən inkişaf edən ölkədir


Baxıldı : 250

Tarix : 2015-01-24 05:43:00


Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi birlik ölkələrinin 2014-cü ildə iqtisadi vəziyyətinə dair hesabatı açıqlayıb. Sənəddə quruma üzv ölkələrin makroiqtisadi vəziyyətinə dair göstəricilər əksini tapıb. Hesabatda həmçinin MDB ölkələrinin sosial, investisiya, maliyyə, bank, kapital, pul siyasəti və digər sektorları ilə bağlı statistik rəqəmlər, müqayisəli təhlillər, elmi-nəzəri proqnozlar yer alıb. Eyni zamanda birlik ölkələrinin həyata keçirdiyi islahatlar, regional inkişafda bu ölkələrin payı, böhran zamanı bir sıra dövlətlərin nümayiş etdirdiyi iqtisadi güc və digər makroiqtisadi və sosial amillər nəşrin analitiklərinin diqqət ayırdığı başlıca mövzular olub. Sənəddə qeyd olunur ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, beynəlxalq aləmdə qazandığı nüfuzun və gündən-günə möhkəmlənən mövqeyi iqtisadi təhlükəsizliyinin göstəricisidir. Ötən il bütün MDB ölkələrində iqtisadi artım aşağı səviyyədə olub. Orta rəqəm 1,3-2 faizə bərabərdir. Azərbaycanda isə iqtisadi artım 2,8 faiz təşkil etmişdir ki, bu da əksər ölkələrlə müqayisədə 2 dəfə yüksəkdir. Azərbaycanda ötən il qeyri-neft sektorunda 7 faizlik artım baş verib, digər MDB respublikalarında bu rəqəm 4,3-5,6 faiz civarında olub. Xarici dövlət borcu MDB-nin bütün üzv ölkələrində 15-19 faiz, hətta bəzilərində 28 faizə çatıb. Azərbaycanda isə bu rəqəm ÜDM-in 9 faizindən də az olub. MDB Statistika Komitəsi bildirir ki, 2014-cü ildə Azərbaycanda inflyasiya 1,4 faiz təşkil etdiyi halda, əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əməkhaqqı 4,2 faiz artaraq 443 manata çatıb. Ölkədə məşğulluq səviyyəsi artıb, 123 mindən çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 4,9 faiz, yoxsulluq səviyyəsi 5 faizə enib. Halbuki bütün ölkələrdə bu göstəricilər 2-3 dəfə aşağı olub. ELBRUS