Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


Baxıldı : 290

Tarix : 2015-12-25 05:05:00


Möhtərəm cənab Prezident!İzin verin, Sizi 54 yaşınızın tamam olması münasibətilə Azərbaycan həmkarlar ittifaqlarının çoxminli üzvləri adından və öz adımdan səmim-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, gərgin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım. Möhtərəm cənab Prezident!Sizin ölkəyə rəhbərik etdiyiniz ötən 12 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Sizin tərəfinizdən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Sizin, ölkə Prezidentinin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Sizin şəxsiyyətiniz modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.Möhtərəm cənab Prezident!Azərbaycan xalqı insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacaran, mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhvali-ruhiyyəni, ideya və dəyərlər sistemini formalaşdırmağa qadir olan Liderinə dərindən güvənir. Siz, ulu öndərin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsiplərinə sadiqliyinizi qoruyub saxlayır, öz fəaliyyətinizlə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunuzu göstərirsiniz.Möhtərəm cənab Prezident!Sizin rəhbərliyiniz ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik ölkəsinə çevrilib. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sizin siyasi portretinizi formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Bu inkişaf isə ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Sizin daxili siyasət kursunuzun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Siz dəfələrlə bəyan etmisiniz ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Fəaliyyətiniz dövründə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.Möhtərəm cənab Prezident!Azərbaycan Həmkarlar İttifaqları Təşkilatının milyon yarımdan çox fəalı və üzvü Sizin yürütdüyünüz siyasi, iqtisadi və xarici siyasət kursunu dəstəkləyir və ona inanır. Hər bir həmkarlar ittifaqı üzvü yaxşı bilir ki, Siz, cənab Prezident, özünüzün dediyiniz kimi, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Fəaliyyətinizin əsasında xalqa və dövlətə sədaqətli xidmət prinsipi durur. Əminliklə demək olar ki, Siz, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan siyasətinizi bundan sonra da uğurla davam etdirəcək yeganə, alternativsiz lidersiniz. Məhz Sizin rəhbərliyiniz altında respublikamız öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini daha da möhkəmləndirəcəkdir. Möhtərəm cənab Prezident!Bir daha Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifahının daha da yüksəlməsi naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar arzulayırıq.Hörmətlə,Səttar MEHBALIYEV, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili