Azərbaycana investisiya reytinqi təyin edilib


Baxıldı : 252

Tarix : 2015-02-07 13:31:00


Dünyanın aparıcı reytinq agentliyi olan \ Standard&Poor`s\ Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində \ BBB-\ saxladığını təsdiq edib. Hesabatda qeyd olunur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar hesabında azalma ehtimalı olsa da, nəticə etibarilə müsbət səviyyədə qalacaq. Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində Cənub Qaz Dəhlizi boru kəmərinin və \ Şahdəniz II\ qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcək. İqtisadçı Aydın Hüseynovun fikrincə, \ BBB-\ investisiya reytinqi çox yüksək inkişaf indikatorlarına malik ölkələrə məxsus göstəricidir və Azərbaycan üçün beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu reytinq respublikamızın beynəlxalq statusa malik potensial sərmayəçi imicinin möhkəmlənməsinə güclü əsaslar yaratmış olur. \ Standard & Poor`s\ un Azərbaycanla bağlı kredit reytinqi yaxın illərdə ölkə iqtisadiyyatına sərmayələrin axınına geniş imkanlar yaradacağını deməyə əsas verir. Həmçinin reytinq ölkəmiz üçün qlobal investisiya sektorunda aktiv iştiraka əsaslı zəmin yaradır. Xüsusilə də bu, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında özünün istiqraz və qiymətli kağızlarını yerləşdirməsi üçün yaxşı fürsət deməkdir. Respublikamız Avropanın maliyyə, bank, sığorta, qiymətli kağızlar bazarındakı vəziyyəti təhlil edərək ötən il ilk debüt istiqrazlarını yerləşdirib. Bu istiqamətdə emissiyanı davam etdirməyi prioritet seçən hökumət mövcud investisiya reytinqinə əsaslanaraq dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsinin növbəti mərhələsinə start vermək niyyətindədir\ .ELBRUS