Azərbaycana tövsiyələr verilib


Baxıldı : 269

Tarix : 2015-03-14 02:58:00


Dünya Bankı (DB) Azərbaycanda sənaye texnoparklarının və sənaye məhəllələrinin yaradılmasına yardım edəcək. Bankın Azərbaycan üzrə meneceri Larisa Leşenko bildirib ki, Azərbaycanla yaxın dövr üzrə əməkdaşlıq istiqamətlərindən biri sənaye layihələrinin həyata keçirilməsinə dəstəyin artırılmasından ibarətdir. Xanım Leşenkonun sözlərinə görə, sənaye parkları ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılması və sənaye potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir. DB təkcə Balaxanı terxnoparkına 47 milyon dollar investisiya qoyacaq. Bank Gəncə və Mingəçevirdə sənaye parkları və xüsusi iqtisadi zonaların, sənaye klasterlərinin yaradılmasına da dəstək göstərəcək. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçiriləcək. Bu istiqamətdə əsas tədbirlərdən biri xarici təcrübənin öyrənilməsidir. Bu məqsədlə nazirliyin mütəxəssisləri və işgüzar biznes nümayəndələri Sinqapur və Malaziyanın təcrübəsini öyrənmək üçün ezam olunacaqlar. DB-nin ölkəmizə səfər edən missiyasının Azərbaycan hökuməti ilə apardığı müzakirələrdə iqtisadiyyatın rəqabətliliyinin artırılması barədə də müzakirələr aparılıb. Bank Azərbaycanda bank və maliyyə bazarının inkişaf etdirilməsi, bank nəzarətinin gücləndirilməsi, kapitallaşdırma və konsolidasiya prosesləri barədə öz tövsiyələrini verib. DB Azərbaycan hökumətinə kommersiya banklarının iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft sektorunun inkişafında və maliyyələşmədə iştirakının artırılmasını irəli sürüb. ELBRUS