Azad həmkarlar ittifaqı sədrləri üçün ixtisasartırma kursları


Baxıldı : 31

Tarix : 2017-11-10 22:03:47


Oktyabrın 23-dən noyabrın 3-dək təhsil, sahibkarlıq və energetika üzrə azad həmkarlar ittifaqı komitə sədrləri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının ixtisasartırma kurslarında iştirak etmişlər. Kursun mövzusu "Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqının sosial institut kimi rolu" olmuşdur.

Təlim proqramında əsas diqqət həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə tanışlığa, həmkarlar ittifaqı işinin aktual problemləri üzrə praktik məşğələlərə və testlərə verilmişdir.

Həmçinin "İşçilərin sosial-iqtisadi maraqlarının müdafiəsində Hİ-nin rolu", "Həmkarlar ittifaqı təşkilatında informasiya işi", "Azərbaycan həmkarlar ittifaqlarının struktur modernləşməsi: reallıq, ehtiyac və yeni yanaşmalar", "Təşkilat işinin əsas istiqamətləri: təcrübə, formalar və metodlar" mövzusunda kiçik qruplarda praktik məşğələlər keçirilmişdir.

Əmək Məcəlləsinin "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları", "Əmək hüququ", "İş vaxtının növləri və tənzimlənməsi qaydası", "Kollektiv və fərdi əmək mübahisələri", "Kollektiv müqavilələr və danışıqlar" bölmələri üzrə test aparılmışdır.

Paralel olaraq həmkarlar ittifaqı işçiləri Azərbaycanın bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrlə tanış edildilər.

Kurs iştirakçıları həmkarlar ittifaqının iş təcrübəsi ilə tanış olmaq üçün "Geofizika və Geologiya" İB-ni ziyarət ediblər. Həmkarlar ittifaqı komitəsinin sədri Fəxrəddin Əliyev Hİ təşkilatının quruluşu, işinin əsas istiqamətləri, kollektiv müqavilə, sosial-əmək münasibətlərinin tənzimlənməsində Hİ təşkilatının iştirakı, HİK-in zəhməkeşlərin hüquqlarının müdafiəsində fəaliyyəti və s. barədə məlumat vermişdir.

Sonda bu məsələlərlə bağlı fikir mübadiləsi edilmişdir. Kursun dinləyiciləri üçün Azərbaycan Dövlət Xalça Muzeyinə ekskursiya təşkil olundu.

Kursun axırında dinləyicilər anketləri cavablandırdılar və onlara sertifikatlar təqdim edildi.