Azad rəqabət mühitinin təmin olunması əsas şərtdir


Baxıldı : 290

Tarix : 2015-11-13 04:02:00


Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda hökumət qurumlarının apardığı əsas tədbirlərdən biri inhisarçılıqla mübarizənin artırılması, haqsız rəqabətin, monopoliyanın aradan qaldırılmasıdır. Bu məqsədlə Rəqabət Məcəlləsinin qəbul olunması planlaşdırılır. İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Samir Dadaşovun sözlərinə görə, Rəqabət Məcəlləsinin layihəsi müvafiq nazirliklərin və mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub, onların rəy və təklifləri nəzərə alınıb. Dünya Bankı və Avropa institutlarının ekspertləri layihəyə müsbət rəy veriblər. Hazırda sənəd üzərində bəzi hüquqi-texniki məsələlər yekunlaşmaqdadır və yaxın vaxtlarda hökumətə təqdim olunacaq. Mütəxəssisin fikrincə, yeni məcəllənin qəbulu sayəsində haqsız rəqabət, təbii və süni inhisarçılığın aradan qaldırılması ilə yanaşı, ölkəmizdə azad rəqabət mühiti təmin olunacaq ki, bu da iqtisadi inkişaf, keyfiyyətli istehsalın artımı, işsizliyin aşağı düşməsi, neft sektorundan asılılığın aradan qaldırılması, biznes mühitinin liberallaşdırılması kimi bir çox məsələlərin həllində mühüm rol oynaya bilər. Rəqabət Məcəlləsi regionların iqtisadi potensialından tam və səmərəli istifadə etmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Məcəllənin qəbulu ölkədə qiymət artımı ilə bağlı problemlərin də həllinə şərait yaradacaq. ELBRUS