Azərbaycan 35-ci oldu


Baxıldı : 53

Tarix : 2017-09-30 00:07:31


Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.

MDB-də liderliyini qoruyan Azərbaycan hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də geridə qoyub.

Hesabatda  Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer).

İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında "istedadların səmərəli istifadəsi" göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda dünyada əsas narahatedici trendlərdən biri kimi "dağıdıcı bərabərsizlik" qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.