Azərbaycan artıq idman  ölkəsinə çevrilməkdədir


Baxıldı : 35

Tarix : 2018-01-29 06:19:41


“Uğurların qəhrəmanı olan yüksək səviyyəli idmançıların hazırlanmasına həmkarlar ittifaqları layiqli töhfələr vermişdir”

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin qarşısında iki mühüm vəzifə durur: işçilərin, onların ailə üzvlərinin fiziki sağlamlığı və peşəkar idmançı yetişdirmək.

Bu vəzifələri yerinə yetirmək üçün Birlik kifayət qədər zəngin təcrübəyə, geniş struktur şəbəkəsinə malikdir. Tərkibində 5 idman cəmiyyəti (“Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ” və “Zenit”), 4 idman klubu (“Alpinist və Turist”, “Şahmat və Dama”, “Atilla” və “Pəhləvan”) və 1 idman sağlamlıq klubu var.

Qurumun 26 ali təhsil, 19 orta ixtisas təhsili müəssisəsində 15707 nəfər tələbə bədən tərbiyəsi və idmanla məşğul olur.

Birliyin nəzdində yaradılmış uşaq-gənclər idman məktəblərində  211 məşqçi-müəllim fəaliyyət göstərir. Onların peşəkarlığı və gərgin əməyi sayəsində bu məktəblərdə 3 idman ustası, 10 idman ustalığına namizəd, 103 I dərəcəli və 369 kütləvi dərəcəli idmançı hazırlanıb.

2013-2017-ci illərdə keçirilən dünya, Avropa, respublika çempionatlarında, beynəlxalq turnirlərdə həmkarlar ittifaqı idman təşkilatlarının yetirmələri 767 medala sahib çıxıblar.

Ölkəmizin son illərdə dünya və qitə miqyaslı çempionatlara uğurla ev sahibliyi etməsi Azərbaycanın artıq idman ölkəsinə çevrildiyinin bariz nümunəsidir. Həmkarlar ittifaqı idman təşkilatlarının yetirmələri İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal, I Avropa Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanmışlar.

Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız isə 2 gümüş və 1 bürünc medala layiq görülmüşlər.

Birliyin fəaliyyətində kütləvi idman tədbirləri üstün yer tutur. Bu təşkilatın təşkilatçılığı ilə paytaxtda, bölgələrdə keçirilən spartakiadalarda, turnirlərdə on minlərlə həmkarlar ittifaqı üzvü iştirak edir. Birlik gələcəkdə bədən tərbiyəsinin daha kütləvi hal almasına nail olmaq əzmindədir.

Aliyə SƏMƏDOVA