Azərbaycan Beynəlxalq Turizm Məkanı mükafatına layiq görülüb


Baxıldı : 208

Tarix : 2018-06-09 02:04:30


İyunun 7-də Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 28-ci mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə bu ölkənin dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, nüfuzlu yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib.

“Azərbaycan əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi, gözoxşayan təbiəti, təkrarolunmaz arxitekturası və təbii sərvətləri ilə turist axınını özünə cəlb edib və ölkədə təhlükəsizliyin təmin edilməsi, əlverişli əmək bazarı və turizm sektorunun inkişafı üçün münbit şərait yaradılması ilə regionun turizm mərkəzinə çevrilib”. Məhz sadalanan bu səbəblərdən “Ejecutivos” jurnalı tərəfindən ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görüldüyü elan edilib.

Sözügedən mükafatı ölkəmiz adından səfir A.Məhərrəmov qəbul edib. Mükafatlandırma mərasimində “Ejecutivos” jurnalının 2018-ci il may ayı buraxılışının təqdimatı da keçirilib. Sözügedən buraxılışda Azərbaycanın beynəlxalq turizm məkanı mükafatına layiq görülməsi ilə əlaqədar ölkəmizdə turizmin inkişafı meyilini özündə əks etdirən məqalə dərc olunub.