Azərbaycan “Doing Business 2018" hesabatında 8 pillə irəlilədi


Baxıldı : 41

Tarix : 2017-11-04 04:53:46


Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Qeyd edək ki, Azərbaycana münasibətdə 2009-cu ildən sonra ilk dəfə 4 indikator üzrə islahat qeydə alınıb.

Sözügedən reytinqə əhəmiyyətli təsir edən aşağıdakı islahatları xüsusi qeyd etmək lazımdır:

Müflisləşmənin həll edilməsi - Bağlanan müəssisələrin iflas prosedurlarının daha da sadələşdirilməsi istiqamətində 2017-ci il 25 aprel tarixində "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Kiçik investorların hüquqlarının qorunması - Kiçik investorların hüquqlarının qorunması istiqamətində Azərbaycan Respublikası Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə 25 aprel 2017-ci il tarixində dəyişikliklər edilib, sözügedən investorların hüquqlarının qorunması ilə bağlı bir sıra əlavə müddəalar əlavə olunub.

Müqavilələrin icrası - Sahibkarların məhkəmələrə elektron formada rüsum ödəyə bilməsi üçün müvafiq elektron ödəniş sistemi yaradılıb.

Kreditlərə çıxış - Sahibkarların maliyyə resurslarına əlçatanlığını təmin etmək istiqamətində aparılan islahatlar çərçivəsində 2016-cı il 28 oktyabr tarixli "Kredit büroları haqqında" və 2017-ci il 2 may tarixli "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Verginin ödənilməsi - 2016-cı il 16 dekabr tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiq edilib.

"Doing Business 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşıb: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer). Beləliklə, Azərbaycanın ən böyük irəliləyişi müflisləşmənin həll edilməsi və kiçik investorların hüquqlarının qorunması kateqoriyaları üzrə əldə edilib.

Qeyd edək ki, cari ildə Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerləri deməkdir.

 

Bəyalı RZAYEV