Azərbaycan “Doing Business”də top-20 islahatçı ölkənin sırasındadır


Baxıldı : 37

Tarix : 2019-10-28 05:36:18


Dünya Bankının “Doing Business 2020” hesabatına görə Azərbaycan ötən il olduğu kimi bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb.

Bu barədə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, Azərbaycandan başqa ilk 25-likdə olan heç bir ölkə top-20 siyahısına daxil edilməyib: “Çünki etalona yaxınlaşdıqca ən çox islahat aparan ölkə statusunu qorumaq da çətinləşir. “Doing Business 2020” hesabatında Azərbaycan 190 ölkənin arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə birinci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir. “Doing Business 2020” hesabatında Azərbaycanın öncül mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilin mayından bu ilin mayınadək olan dövrdə həyata keçirilən kompleks islahatlarla bağlıdır. İslahatların əsas məqsədi insan amilinə xidmət, one-stop shop modelindən non-stop shop modelinə və reaktiv yanaşmadan proaktiv yanaşmaya keçidin təmin edilməsidir”.

“Azərbaycanın “Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Belə ki, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklər ilə uyğunlaşdırmaların aparılması öz töhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələr nəticəsində daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilir. Azərbaycan kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 ölkə arasında birincidir. Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir. Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq Mülki Məcəlləyə və Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklər ilə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlbetmə, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur”, - deyə analitik qeyd edib.

O əlavə edib ki, müqavilələrin icrası göstəricisi üzrə isə kompleks biznes islahatları çərçivəsində ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatları aparılıb. “Mediasiya haqqında” qanunun qəbulu ilə inzibatçılıq qaydaları qəbul edilib, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar: “Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi bir prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Bundan başqa, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmasının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir”.

“Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötüb. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir”, - deyə analitik vurğulayıb.