“Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır”


Baxıldı : 83

Tarix : 2019-02-11 04:22:19


Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Xəbər verildiyi kimi, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə- İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.

Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, vəziyyətlə tanış olub. Dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması ilə bağlı tapşırıq verib. Sakinlərlə söhbət edən Prezident İlham Əliyev qeyd edib ki, hər bir zərərçəkənə bütün lazımi köməklik göstəriləcək.