"Azərbaycan həmişə Türkiyənin yanındadır"


Baxıldı : 134

Tarix : 2017-07-14 23:50:56


İyulun 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev "Türk Egitim -Sen"in nümayəndə heyəti ilə görüşdü. AHİK sədri qonaqlara sədri olduğu qurumun tarixi barədə qısa məlumat verdi. Dedi ki, biz missiyasını tam yerinə yetirə biləcək həmkarlar ittifaqı qurmaq üçün çox gərgin mübarizələr aparmışıq.

Ümummilli liderimiz Heydər Əliyevin dəstəyi sayəsində 1994-cü ildə "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsinə nail olduq. Ardınca sosialyönümlü qanunlar işlənib tətbiq edildi. Əmək Məcəlləsi hazırlandı. Onu da deyim ki, cəmiyyətimizin sürətlə inkişafına müvafiq olaraq indiyə qədər "Həmkarlar ittifaqları haqqında" qanunda, Əmək Məcəlləsində yüzlərlə dəyişiklik və əlavələr edilib.

S.Möhbalıyev əlavə və dəyişikliklərdən danışarkən dedi, həmkarlar ittifaqları üzvlərindən toplanan üzvlük haqları neçə il əvvəl çox hallarda öz ünvanına çatmırdı. Müəssisə rəhbərləri bu vəsaiti istədikləri istiqamətdə xərcləyirdilər. Biz xoşagəlməz vəziyyətə son qoymaqdan ötrü İnzibati Xətalar Məcəlləsinə belə bir əlavə təklif etdik ki, üzvlük haqlarını həmkarlar ittifaqı təşkilatının hesabına köçürməyən işəgötürən yüksək məbləğdə cərimə olunsun. Gec də olsa, təklifimiz İnzibati Xətalar Məcəlləsinə daxil edildi. Bundan sonra üzvlük haqlarının köçürülməsində mövcud problem aradan qaldırıldı.

Əmək Məcəlləsinin 80-ci maddəsinə əlavəmiz isə, necə deyərlər, bizə bir az başağrısı gətirdi. Həmin əlavəyə əsasən, işəgötürən işçini həmkarlar ittifaqı təşkilatının razılığı olmadan işdən çıxara bilməzdi. Bu əlavə qanuni qüvvəyə minəndən sonra bir çox beynəlxalq təşkilat hay-küy qaldırdı ki, bəs həmkarlar ittifaqları işəgötürənlərin hüququnu pozur. Biz onlara güzəştə gedib əlavədə düzəliş etdik. Yəni "işçi" sözünü “həmkarlar ittifaqı üzvü" sözləri ilə əvəzlədik. Razılaşdılar. Amma sonra bildirdilər ki, siz bizi aldatmısınız. Bu düzəliş həmkarlar ittifaqının müəssisələrdə nüfuzunun daha da artmasına şərait yaradır. Təbii ki, bu etiraz daha gec idi.

Bilirsiniz, etiraz edənləri qıcıqlandıran nə idi? Tutalım bir müəssisədə 300 nəfər işçi çalışır. Cəmi 100 nəfəri təşkilatımızın üzvüdür. Qalan 200 nəfər görür ki, işəgötürən bu 100 nəfərlə istədiyi tonda davrana bilmir. Uydurma bəhanələrlə onları işdən çıxarmağa gücü çatmır. Dərhal qarşılarında həmkarlar ittifaqı təşkilatını görürlər. Belə olan halda o 200 nəfər də həmkarlar ittifaqı sıralarına keçir.

S.Möhbalıyev Baş Kollektiv Saziş barədə də qonaqları məlumatlandırdı. Dedi ki, Sazişin layihəsini təşkilatımız hazırlayıb hökumətə və işəgötürənlər konfederasiyasına göndərir. Onlar da öz maraqlarından çıxış edərək düzəlişlərini nəzərimizə çatdırırlar. Beləliklə, başlanır dialoq. Nəhayətdə son kompromis variant hər üç qurum tərəfindən razılaşdırılıb təsdiq olunur. Baş Kollektiv Saziş əsasında sahə sazişləri, kollektiv müqavilələr bağlanır.

AHİK sədri diqqətə çatdırdı ki, bu sənədlər işçilərin mənafeyi baxımından böyük əhəmiyyətə malikdir. Təsəvvür oyatmaq üçün deyim ki, sazişlərdə, kollektiv müqavilələrdə işçilər Əmək Məcəlləsində əksini tapmış üstünlüklərdən artıq üstünlüklər əldə edirlər. Məsələn, bu yaxınlarda sahə sazişinə uyğun olaraq dəmiryolu işçilərinə 142 mənzil alınıb havayı paylandı. Bəzi müəssisələr övladları pullu ali məktəblərdə təhsil alan aztəminaltı işçilərinə maddi kömək göstərir. Yəni onların övladlarının təhsil haqqını ya tam, ya da müəyyən faizini ödəyir. Belə nümunələr çoxdur.

AHİK sədri türkiyəli həmkarlarına Qarabağda ermənilərin törətdiyi terror aktlarından da danışdı.

"Türk Egitim-Sen"in nümayəndə heyətinin başçısı Musa Akkaş səmimi qəbula görə Səttar müəllimə təşəkkürünü bildirdi. O, Türkiyə - Azərbaycan qardaşlıq münasibətlərinin bütövlükdə bölgənin inkişafına xidmət göstərdiyini söylədi. Dedi, son illərin sevincli, kədərli hadisələri də göstərdi ki, Azərbaycan həmişə Türkiyənin yanındadır.

Sonra S.Möhbalıyev və M.Akkaş hər iki qurumun gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardılar.

Bəyalı RZAYEV