Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası V qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ


Baxıldı : 84

Tarix : 2018-02-09 22:07:53


Möhtərəm cənab Prezident!

Biz,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının nümayəndələri Sizin Azərbaycan Respublikasını  dünyanın böyük iqtisadi, siyasi və mədəni potensiala malik ölkələri sırasına çıxarmağınızla fəxr edirik. Fəxr edirik ki, biz də müasiriniz kimi Azərbaycanın sürətli inkişafının və yüksəlişinin iştirakçılarıyıq.

Azərbaycan dövlətçiliyinin banisi, ulu  öndər H.Əliyevin rəhbərliyi altında yeni iqtisadi siyasətə uyğun olaraq qurulan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Ulu öndərimiz işçilərin qanuni mənafeyinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqlarının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Biz  dərin qürur hissi keçiririk ki, Siz, cənab Prezident, ümummilli liderin uzaqgörən, müdrik xarici və daxili siyasətinin ləyaqətli davamçısı kimi Azərbaycan həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsi üçün xüsusi diqqət, qayğı göstərirsiniz.

Hörmətli cənab Prezident!

Son dövrlər Azərbaycan müstəqil dövlət kimi öz yolunu inamla davam etdirir. Ölkəmizdə qlobal maliyyə-iqtisadi  böhranın təsiri müvəffəqiyyətlə aradan qaldırılmış, sosial-iqtisadi inkişafın dayanıqlığı və ictimai-siyasi sabitlik təmin olunmuşdur. Bütün bunlar Azərbaycan həmkarlar ittifaqlarının həyatında da olduqca mühüm izlər qoymuşdur. İlk növbədə həmkarlar ittifaqlarının cəmiyyətdə yeri və rolunun, habelə onun maliyyə vəziyyətinin möhkəmləndirilməsi üçün “Həmkarlar ittifaqları haqqında”  Azərbaycan Respublikası Qanununa, əmək və mülki məcəllələrə bizim təşəbbüsümüzlə dəyişikliklər edilməsi, həmkarlar ittifaqı fəallarına fəxri adlar verilməsi, orden və medallarla təltif olunmaları, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması bizim üçün əlamətdar hadisələrdir.

Azərbaycanda vətəndaş cəmiyyətinin aparıcı simalarından olan AHİK ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir ki, bu da həmkarlar ittifaqlarının nüfuzunun artmasına, geniş kütlələrin etimadını qazanmasına səbəb olmuşdur.

Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından qətiyyətlə bəyan edirik ki, bundan sonra da əməkçilərin mənafelərinin qorunmasında, onların həyat səviyyəsinin, rifahının yüksəldilməsində səylərimizi əsirgəməyəcəyik.

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı 1 milyon 500 minə yaxın həmkarlar ittifaqı üzvü adından Sizin 2018-ci il prezident seçkilərində namizədliyinizi irəli sürmək və dəstəkləmək haqqında yekdilliklə qərar qəbul etdi. Bu qərar Sizin Azərbaycan xalqına və dövlətinə göstərdiyiniz xidmətin, ölkə vətəndaşlarının, xüsusilə həmkarlar ittifaqları üzvlərinin sosial qayğılarına, əmək hüquqlarının təmin olunmasına göstərdiyiniz diqqətin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının qarşıdakı prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək barədə qərarına razılıq verməyinizi xahiş edirik.

Sizə möhkəm cansağlığı və müstəqil Azərbaycanın inkişafı yolunda uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla

AHİK-in V qurultayının nümayəndələri.

Bakı şəhəri, 5 fevral 2018-ci il.