Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib


Baxıldı : 52

Tarix : 2019-07-08 07:28:17


İyulun 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük zalında AHİK-in II Məclisi keçirilib. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Məclisi açıq elan edib. Gündəlikə duran məsələlər barədə iştirakçılara məlumat verib.

Sonra redaksiya, mandat və hesablayıcı komissiyalarının tərkibi seçilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlarla bağlı AHİK-in II Məclisinin iştirakçılarının Bəyanatı qəbul edilib (bəyanatın tam mətni qəzetimizin 4-cü səhifəsində dərc olunub).

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda məruzə ilə çıxış edib (məruzənin tam mətni qəzetimizin 2-3-cü səhifələrində dərc olunub).

Məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Zaqatala Rayon Komitəsinin sədri Tükəzban Həmzəyeva , “Azərsu” Təsərrüfatı İşçiləri HİRK- in Təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyev və başqaları çıxış ediblər. Onlar yeni üzvlərin cəlb edilməsi istiqamətində AHİK-in yeritdiyi siyasəti, həyata keçirdiyi tədbirlərin uğurlu nəticələrini yüksək qiymətləndirdilər. Sahə, yerli həmkarlar ittifaqlarının bu sahədə gördüyü işlər barədə məlumat verdilər. Yeni üzvlərin cəlb edilməsində motivasiyanın rolunun daha da artırılması üçün təkliflər irəli sürdülər.

II Məclisin yekununda AHİK sədrinin məruzəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzvlüyünə qəbul, Məclisin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında qərarlar qəbul olunub.

İclasda AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə layiq görüldüyü Beynəlxalq Mahmud Kaşğari adına Fondun medalı təqdim olundu. Mükafatı təqdim edən Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı bu missiyanı yerinə yetirilməsinin ona həvalə olunmasından qürur duyduğunu söylədi. O, təmsil etdiyi qurumla bağlı məlumat verdi. Dedi ki, Mahmud Kaşğari Fondu hər il türk dünyası qarşısında böyük xidmətləri olan önəmli şəxsləri - alimləri, ziyalıları mükafatlandırır. Mükafat sahibi beynəlxalq komissiya tərəfindən müəyyənləşdirilir. Mükafatı alanların sırasında Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, qazax şairi, ictimai xadim Oljas Süleymenov, azərbaycanlı akademik İsa Həbibbəyli və digər görkəmli şəxslər var. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev də türk dünyasının tanınmış alimlərindən biri, professor, iqtisad elmləri doktorudur. Ümumtürk mədəniyyətinin və Azərbaycan dövlətinin inkişafında göstərdiyi xidmətlərə görə Səttar Möhbalıyev Beynəlxalq Mahmud Kaşğari adına Fondun mükafatı ilə təltif olunur.

S.Möhbalıyev Fondun bu mükafatını bütün Azərbaycan həmkarlar ittifaqlarına verilən qiymət kimi dəyərləndirib və öz təşəkkürünü bildirib.

Azər MUSTAFAYEV