Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlbində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri haqqında QƏRARI


Baxıldı : 46

Tarix : 2019-07-08 07:26:30


Məclis AHİK-in sədri S.Möhbalıyevin məruzəsini dinləyərək qeyd edir ki, müasir dövrdə həmkarlar ittifaqına üzvlüyün motivasiyası sahəsində yaranmış vəziyyət, həmkarlar ittifaqı təşkilatlarını ciddi şəkildə narahat etdiyindən, üzvlüyün motivasiyasını gücləndirmək məqsədilə müvafiq addımlar atmaq zərurətini yaratmışdır. Həmkarlar ittifaqları ilk növbədə kütləvi informasiya vasitələrində həmkarlar ittifaqları haqqında məlumatların daha geniş yer almasına və obyektiv işıqlandırılmasına nail olmalıdırlar. Kütlələr arasında həmkarlar ittifaqı işçilərinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin, üzvlərin sosial-iqtisadi hüquqlarının qorunması sahəsində görülən işlərin faktlarla təbliğatına diqqəti artırmalıdır.

Bu gün Azərbaycan həmkarlar ittifaqlarının inkişafı və onun gücləndirilməsi, nüfuzunun daha da artırılması təşkilati birliyimizdən və həmrəyliyimizin möhkəmləndirilməsindən çox asılıdır. Həmkarlar ittifaqının hüquq və azadlıqlarının müdafiəsi, milli qanunvericiliyə əməl olunması, həmkarlar ittifaqı strukturunun təkmilləşdirilməsi, yeni üzvlərin cəlb edilməsi, kadrların hazırlanması çox önəmlidir.

Bütün bunların nəticəsidir ki, bir milyon yarımadək işçini öz ətrafında birləşdirən Azərbaycan həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyi də getdikcə genişlənir və möhkəmlənir. Eyni zamanda işçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi daha böyük əhəmiyyət kəsb edir. Onlardan ən aktualı həmkarlar ittifaqı üzvlərinin sayının azalması tendensiyasının qarşısını almaq və həmkarlar ittifaqı üzvlüyünün əsaslarının möhkəmləndirilməsidir. Bu məqsədlə  işçilərin sosial-iqtisadi maraqlarını müdafiə etmək, sosial və maddi güzəştlərin, kollektiv müqavilənin əhəmiyyətini izah etmək, həmkarlar ittifaqı orqanlarının fəallığını artırmaq, muzdlu işçinin həyat səviyyəsini yaxşılaşdırmaq, sahibkara təsiri gücləndirmək lazımdır.

Bu problemlərin həllində təşkilati baxımdan möhkəm və aktiv fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin rolu böyükdür. Həmkarlar ittifaqları öz üzvlərinin etimadını qoruyub saxlamaq üçün fəaliyyətini daima təkmilləşdirməyə və müsbət nəticə əldə etməyə çalışır.

Həmkarlar ittifaqlarının bu sahədə nüfuzunun təsirli dərəcədə artması, işçilərin mənafelərinə uyğun tələblərin yerinə yetirilməsi, sosial nailiyyətlərin  qorunub saxlanması və s. amillər həmkarlar ittifaqına üzvlüyün motivasiyasında mühüm əhəmiyyətə malikdir.

Bu gün hər bir həmkarlar ittifaqı təşkilatının gücü onun sıralarının sayca çox və möhkəm olmasındadır. Azərbaycan həmkarlar ittifaqları bu prinsip əsasında dövlət  orqanları, həmkarlar ittifaqı və işəgötürənlərlə real və səmərəli qarşılıqlı fəaliyyətini davam etdirməkdədir. AHİK və onun üzv təşkilatları bundan sonra da həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə və üzvlərinin sayının artırılmasına, həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə ciddi iş aparılmasına var qüvvələrini sərf etməlidirlər.

Bütün bunları nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin cəlbində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar ittifaqlarının vəzifələri” mövzusuna dair AHİK-in sədri S.Möhbalıyevin məruzəsi nəzərə alınsın.

2. Həmkarlar ittifaqına üzvlüyün motivasiyasını gücləndirmək, qəbul olunmuş qərarların yerinə yetirilməsi, təşkilati işin möhkəmləndirilməsi, həmkarlar ittifaqının işçilər üçün cəlbedici olması üçün iş metodlarını təkmilləşdirmək AHİK-in üzv təşkilatlarına tövsiyə olunsun.

Bu məqsədlə üzv təşkilatları:

2.1. Həmkarlar ittifaqlarının cəmiyyətdəki mövqeyi və statusundan istifadə edərək işəgötürənlərlə sosial dialoq çərçivəsində üzvlərin sosial problemlərinin həllinə və əmək hüquqlarının qorunmasına bir daha diqqəti artırsınlar.

2.2. Daha yüksək səviyyədə sosial güzəştləri təmin edən kollektiv müqavilələrin və sazişlərin bağlanmasına nail olsunlar.

2.3. İşçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, ilk həmkarlar ittifaqı təşkilatlarının yaradılması və möhkəmləndirilməsi istiqamətində təşkilati işlər (işçilərin sayı barədə dövlət statistika orqanlarının göstəricilərinə əsaslanaraq, həmkarlar ittifaqı təşkilatlarında həmkarlar ittifaqı üzvlüyünün vəziyyəti və perspektivlərinin təhlili, həmkarlar ittifaqı olmayan müəssisələrin siyahısının tərtibi, məlumat bankının yaradılması, ilk həmkarlar ittifaqı təşkilatının yaradılması  imkanlarının təhlili) gücləndirilsin.

2.4. Xidmətlərində olan həmkarlar ittifaqlarının gücünü daha da artırmaq üçün milli qanunvericiliyə, ölkəmizdə ratifikasiya olunmuş konvensiyalara ciddi əməl edilməsinə ictimai nəzarətin artırılması, həmkarlar ittifaqının strukturunun təkmilləşdirilməsi işi davam etdirilsin.

2.5. AHİK-in İcraiyyə Komitəsinin “Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram”da nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi təmin edilsin.

2.6. Həmkarlar ittifaqında informasiya işi inkişaf etdirilsin, ittifaq üzvləri ilk təşkilatların və bütövlükdə həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılması təmin olunsun.

2.7. Motivasiya işinin keyfiyyətinin gücləndirilməsi  məqsədilə  həmkarlar ittifaqı təşkilatları üçün metodiki vəsaitlərin hazırlanması və həmkarlar ittifaqlarının simvolları ilə reklam məlumatlarının yayılması (bukletlər, təqvimlər, döş nişanları, vımpellər, kargüzarlıq materialları, saatlar və s.),  əmək kollektivlərində həmkarlar ittifaqının rolunun təbliği üçün həmkarlar ittifaqının yubiley günlərindən istifadə edilməsi təmin edilsin.

2.8. Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası ilə bağlı ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti tədqiq edilsin, müsbət iş təcrübələrinin ümumiləşdirilib yayılmasına nail olunsun.

3. AHİK-in II Məclisinə məruzədə həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma ilə bağlı iradlar nəzarətdə saxlanılsın və həyata keçirilməsi üçün əməli addımlar atılsın.