Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisində AHİK sədri Səttar Mehbalıyevin çıxışı


Baxıldı : 595

Tarix : 2016-12-24 05:34:26


-Hörmətli Məclis üzvləri!

Dəyərli qonaqlar!

Əziz bacı və qardaşlar!

Bildiyiniz kimi, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə, heç şübhəsiz, yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan haqlarına və azadlıqlarına göstərdiyi sayğıdan asılıdır. Burada ölkənin iqtisadi durumunun dayanıqlığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu vardır.

Şübhəsiz ki, dünyada gedən makroiqtisadi proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyət yaranmışdır. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artımla zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta  daxil olması mənbəyi olan neftin qiymətinin aşağı səviyyədə qalmasını şərtləndirmişdir. Bu öz növbəsində xarici valyutada daxilolmaların azalmasına səbəb olmuşdur. Bütün bunlardan irəli gələrək bu ilin əvvəlindən etibarən struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi kimi tədbirləri özündə birləşdirir.

Bununla yanaşı, Azərbaycanda həyata  keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən qlobal proseslərin və meyillərin yaratdığı risklərin ölkəmizə təsirlərini, həmçinin respublikamızın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərini nəzərə almaqla makroiqtisadi sabitliyin təmin edilməsidir. Ona görə növbəti il və sonrakı 3 ildə fiskal yığcamlaşdırma siyasətlərinin davam etdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılması, dövlət sektorunda xərclərin səmərəliliyinin daha da artırılması, dövlətin borc və öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, dövlət büdcəsinə ARDNF-dən transfertin az proqnozlaşdırılması və növbəti illərdə tədricən azaldılması, qeyri-neft  sektoru və onun aparıcı sahələrində qabaqlayıcı iqtisadi artımın, habelə dövlət investisiyaları deyil, qeyri-neft ixracına əsaslanan iqtisadi artım modelinə keçidin dəstəklənməsi istiqamətində siyasətə üstünlük veriləcəkdir.

Gələn ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı yuxarıda qeyd olunanlar nəzərə alınmışdır. Makroiqtisadi proqnozlara uyğun olaraq, aparılan hesablamalara əsasən, dövlət büdcəsinin gəlirlərinin 15 milyard 955 milyon manat səviyyəsində olması planlaşdırılır.

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə diferensiallaşdırılmış tariflərin tətbiq edilməsi təklif olunub. Bununla əlaqədar 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin artırılmasına ehtiyac yaranır. Həmin artımın əhəmiyyətli hissəsi Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcəkdir.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev öz yekun nitqində bildirmişdir ki, "…baxmayaraq ki, bütün dünyada böhran yaşanır və bu bizim ölkədən də yan keçməyib. Amma Azərbaycan iqtisadiyyatı çox yüksək qiymət alıb, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerə layiq görüb. MDB məkanında isə birinci olmaqla liderliyi saxlayır. Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır.

Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10% qaldırılıbdır və bu da çox ciddi sosial təşəbbüsdür.

2017-ci ildə də dövlət büdcəsinin sosialyönümlü olması nəzərdə tutulmuşdur. Təkcə bu ilin 9 ayı ərzində qeyri-neft sektoru 3,6% artmış, 154 minə yaxın yeni iş yeri açılmışdır, onlardan 121 mini daimi iş yeridir. Eyni zamanda özəl sektora çox ciddi tövsiyə edilmişdir ki, işçiləri ixtisar edib, insanları işsiz qoymasınlar. Özəl sektorda da bu məsələyə çox məsuliyyətlə yanaşırlar".

Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti dekabrın 6-da "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman imzalamışdır. Məlumat üçün deyim ki, ölkə başçısı xeyli əvvəl - bu il martın 16-da "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin istiqamətləri"ni təsdiq etmiş və inkişaf planlarını hazırlamaq üçün işçi qrupu yaratmışdı. Mətbuatdan da bildiyimiz kimi, həmin sənədlərin hazırlanmasında xarici ölkələrin ekspertləri də iştirak etmişdilər. Təkcə bu faktın özü sözügedən sənədlərə ən yüksək səviyyədə göstərilən münasibətdən və onların əhəmiyyətindən xəbər verir.

Fərmanda qeyd olunduğu kimi, ölkənin 11 əsas sektoru (neft və qaz sənayesi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı; ağır sənaye və maşınqayırma; ixtisaslaşmış turizm sənayesi; logistika və ticarət; uyğun qiymətə mənzil təminatı; peşə təhsili və təlim; maliyyə xidmətləri; telekommunikasiya və informasiya texnologiyaları; kommunal xidmətlər) üzrə hazırlanan strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək dövr üçün uzunmüddətli, 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışları özündə ehtiva edir. Strateji yol xəritələri hazırlanarkən onların layihələri açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib olunarkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır.

Beləliklə, inkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə əlamətdar olacaq, ölkəmizin qlobal böhrandan qorunmasını təmin edəcək və davamlı inkişafın istinadına çevriləcəkdir.

Hörmətli Məclis üzvləri!

Çıxışımın əvvəlində dediyim fikri davam etdirərək bildirmək istəyirəm ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Bu siyasətin reallaşması sahəsində fəaliyyəti "Həmkarlar ittifaqları haqqında" qanunla tənzimlənən  AHİK-in də üzərinə mühüm vəzifələr düşür. Son 10 il ərzində Qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə, üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan vermiş, fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açmışdır. Bütün bunların məntiqi davamı kimi, yeni prioritetlər nəzərə alınmaqla, hüquq-müdafiə sisteminin, qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm vəzifələr müəyyənləşdirilmişdir.

Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanmışdır. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil edilir. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır, 5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk. Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla eyni amala - işçilərin əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsinə dönmədən xidmət etməyimizdir.

Ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər.

Bildiyiniz kimi, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri "Həmkarlar ittifaqları haqqında" qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və "Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında" Əsasnaməyə uyğun olaraq müəyyən edilmişdir.

AHİK-in 26 üzv təşkilatından 21-də əməyin hüquq müfəttişi ştatı yaradılıb. Qalan sahə respublika komitələrində isə əməyin hüquq müfəttişinin səlahiyyətləri konkret işçilərə həvalə olunub.

Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən, respublikamızda əmək qanunvericiliyinə əməl edilməsinə və işçilərin əmək hüquqlarının qorunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. İşçilərin əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti isə həmkarlar ittifaqları yerinə yetirir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar yoxlamalar keçirilir, həmkarlar ittifaqı fəalları ilə seminarlarda, dəyirmi masa ətrafında görüşlərdə fikir, təcrübə mübadiləsi aparılır, kütləvi informasiya vasitələrində çıxışlar edilir.

Təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılmışdır. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılmış, müvafiq qərarlar qəbul edilmiş və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilmişdir.Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilmişdir."İnşaat-İş", Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri, Dəniz Nəqliyyatı İşçiləri HİRK-lərdə Əmək Məcəlləsinin 80-ci maddəsinə riayət olunması, Neft və Qaz Sənayesi İşçiləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri, Səhiyyə İşçiləri HİRK-lərdə müəssisələrdə ictimai nəzarət qaydasında əmək qanunvericiliyinə əməl edilməsi vəziyyəti yoxlanılmışdır. Müəyyən olunan nöqsanların bir qismi işəgötürənlərin operativ münasibəti nəticəsində yerindəcə, qalanları isə il ərzində aradan qaldırılmış, məsul işçilərə əməli köməklik göstərilmişdir.

Təhsil İşçiləri Azad HİRK tərəfindən ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, kollektiv saziş və müqavilənin şərtlərinə əməl edilməsinin vəziyyəti, Əmək Məcəlləsinin tələblərinin yerinə yetirilməsinə, həmkarlar ittifaqı komitələrinin nəzarəti barədə məsələlər araşdırılıb Rəyasət Heyətinin iclasında, eləcə də Məclisdə müzakirə edilmişdir.

Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Bu məsələ ilə əlaqədar bir faktı Məclis üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il 185 saylı “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında" qərarına əsasən, əmək kollektivinin razılığı ilə III qrup  əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, I və II qrup əlillərin əməkhaqlarının isə 20-25% artırılması nəzərdə tutulub.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında 2015-2017-ci illər üçün bağlanmış kollektiv saziş bu qərarın tələblərinin yerinə yetirilməsi sahəsində müsbət addımdır.  Kollektiv sazişdə Təhsil Nazirliyi öhdəsinə götürmüşdür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sahə üzrə çalışan əlillərin əməkhaqlarına qərarda nəzərdə tutulmuş artımın ən yuxarı həddini versin. Yəni III qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 15%, I və II qrup əlillərin əməkhaqqının isə 25% artırılmasını təmin etsin. TİAHİ RK-nın 124 üzv təşkilatından 69-da artıq bu məsələ öz müsbət həllini tapmışdır.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də sahədə müsbət işini qeyd etmək lazımdır.

Hörmətli Məclis üzvləri!

Son üç ildə AHİK-in hüquq şöbəsi tərəfindən 26 hüquqi-normativ aktın layihəsinə təkliflər verilmiş və həmin təkliflərin əksəriyyəti nəzərə alınmışdır. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən göndərilmiş hüquqi-normativ aktların layihələrinin ekspertizasında iştirak etməklə bərabər, həm də mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış edilmişdir. Məsələn, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin və "Yaşayış minimumu haqqında" qanunun 1.0.8. maddəsinin BƏT-in 131 saylı "İnkişaf etməkdə olan ölkələri xüsusi nəzərə almaqla minimum əməkhaqqının müəyyən edilməsi haqqında" Konvensiyasının 3-cü maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə qeyd edilən maddələrə dəyişiklik edilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ  qaldırılmışdır.

BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHIK-in daima diqqət mərkəzində saxladığı məsələlərdəndir. Həmin konvensiyalar həmkarlar ittifaqlarının əməli fəaliyyətində səmərəli tətbiq olunur. Həmçinin AHİK ölkəmizin BƏT-in 131, 168, 155,  184, 97 saylı konvensiyalarına qoşulması təkliflərini vermiş, bu sahədə məqsədyönlü işlər aparır.

10 ildən çoxdur ki, Baş Kollektiv Sazişdə sosial tərəfdaşlar BƏT-in müvafiq konvensiyalarına, o cümlədən "Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında" 168, "İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin müdafiəsi haqqında" 173, "Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında" 187, " Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında" 156, "Analığın mühafizəsi haqqında" (yenidən baxılmış) 2000-ci il tarixli 183, "Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 184, "Sosial təminat minimum normalar haqqında" 102, "Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında" 128, "Əməyin təhlükəsizliyi və gigiyenası haqqında" 155 saylı konvensiyalara qoşulmaq üçün tədbirlər görülməsini nəzərdə tuturlar. Həmin konvensiyalardan 156 və 183 saylı konvensiyalar, nəhayət, ratifikasiya edilmişdir.

Məlumunuz olduğu kimi, Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafiq olaraq mövcud beynəlxalq və milli qanunvericiliyə əsaslanaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər iki ildən bir Baş Kollektiv Saziş bağlanır. Bu Saziş bağlanarkən hüquq müfəttişləri tərəfindən işçilərin sosial-əmək münasibətləri ilə bağlı bir sıra təkliflər, o cümlədən əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizliklə bağlı təkliflər verilir və bu təkliflərin böyük əksəriyyəti Baş Sazişdə öz əksini tapır.

Baş Kollektiv Sazişdə sosial- əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında kollektiv saziş və müqavilələrlə tənzimlənməsi müəyyənləşdirilmişdir. Həmin sənəddə işçilərin əmək hüquqlarını davamlı qorumaq məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək prioritet məqsədlərdən biri kimi nəzərdə tutulur.

Əməyin hüquq müfəttişləri Baş Kollektiv Sazişin, qüvvədə olan əmək və sosial qanunvericiliyin təbliğatını aparmağı, üzvlərini bu sahədə maarifləndirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə etməyi, treninqlər, məşğələlər keçirməyi, müxtəlif kurslarda mühazirələr oxumağı, dəyirmi masa ətrafında müzakirələr aparmağı diqqət mərkəzində saxlayırlar.

Maarifləndirmə məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının "Ülfət" qəzetinin "Hüquq məsləhətxanası" səhifəsindən, respublika dövri mətbuatından istifadə edilir. Keçən dövr ərzində təkcə "Ülfət" qəzetinin səhifələrində əməyin hüquq müfəttişləri 489 oxucu sualını cavablandırmışlar.

Hüquq müfəttişlərimiz müxtəlif televiziya kanalları vasitəsilə də əmək qanunvericiliyi sahəsində həmkarlar ittifaqının gördüyü işlər, qanunvericilikdə olan yeniliklər və s. barədə öz üzvlərini maarifləndirirlər. İctimai Televiziyanın "Yeni gün" proqramında müntəzəm olaraq həmkarlar ittifaqları, onun əmək hüququ sahəsində nəzarəti, əmək hüquqlarının qorunması barədə tamaşaçı sualları cavablandırılır.

Əməyin hüquq müfəttişləri "AHİK-in IV qurultayının hesabat məruzəsində və çıxışlarda səslənən iradların, tənqidi qeydlərin və təkliflərin reallaşdırılmasına dair tədbirlər planının icrası" ilə əlaqədar Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-lə birlikdə "İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyaların verilməsində uyğunsuzluqlar" və "ƏM-in 80-ci maddəsinin tətbiqi ilə əlaqədar həmkarlar ittifaqının vəzifələri haqqında" seminarlar keçirmişlər. Onlar "Baku Stil  Kompani" MMC İşçiləri Hİ Birliyində, Rabitə İşçiləri Müstəqil HİRK-də, Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-də, Müdafiə Sənayesi İşçiləri HİRK-də "Peşə xəstəliklərinin profilaktikası" mövzusunda seminarlarda, Gəncə şəhərində, Oğuz, Şəki, Lənkəran, Masallı, Astara, Biləsuvar rayonlarında həmkarlar ittifaqı təşkilatları ilə keçirilən konfranslarda da fəal iştirak etmişlər.

BƏT-in konvensiyalarının tələblərinin həmkarlar ittifaqı fəallarına çatdırılması məqsədilə "Əməyin ödənilməsi haqqında" 100 saylı, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 saylı, "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün imkanlar və rəftar haqqında" 156 saylı konvensiyalarına dair və  "İnsan hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu" mövzularında da seminarlar maraq doğurmuşdur.

Ümumiyyətlə, son üç ildə hüquqi məsələlərlə bağlı AHİK və sahə Hİ respublika komitələrinin hüquq müfəttişləri tərəfindən maarifləndirmə məqsədilə 100-dən çox müxtəlif mövzularda seminarlar keçirilmişdir.

Hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri, həmkarlar ittifaqı fəallarının müxtəlif kateqoriyaları üçün təşkil olunan kurslarda 10-dan çox mövzu, 5 treninq, seminar sırf əmək qanunvericiliyinə aid olur. Həmin kurslardan ildə 600-dən çox lider bəhrələnir.

Respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-iqtisadi və hərbi-strateji məsələlərin öyrədilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası nəzdində Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu fəaliyyət göstərir. Konfederasiyanın əməyin hüquq müfəttişləri tərəfindən həmin kurslarda da hər il dinləyicilərin maarifləndirilməsi məqsədilə "Azərbaycanda sahə və müəssisə həmkarlar ittifaqı təşkilatının hüquq və vəzifələri", "Azərbaycanda əmək hüququnun qorunması", "Beynəlxalq Əmək Təşkilatı" mövzularında mühazirələr oxunur.

AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir. Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırmışlar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnmişdir.

Bunlara misal olaraq "Kənd-Qida-İş" Hİ Federasiyası üzrə R.Rzayevanın, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası üzrə M.Nəzərovun, G.Zeynalovanın öz vəzifələrinə bərpa edilmələrini, əməkhaqlarının ödənilməsini, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-dən İ.Əlirzayevin, N.Ağamalıyevin şikayətləri əsasında 24 nəfər sürücünün minimum əməkhaqqından az ödənilmiş kəsir məbləğinin verilməsini qeyd edə bilərik. Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının hüquq müfəttişinin 5 müəssisə üzrə həmkarlar ittifaqının xüsusi hesabına köçürülməmiş 120878 manat məbləğində üzvlük haqlarının hesaba köçürülməsi üçün qaldırdığı bütün iddiaların təmin edilməsi də müsbət təcrübədir.

Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının pozulmasına da tez-tez rast gəlinir.  AHİK-in və üzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunmuşdur. 16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunmuşdur. Digər iki iş üzrə məhkəmə prosesi davam edir.

Həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil olmuşdur. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olmuş və 872 nəfər işə bərpa edilmişdir. Aviasiya İşçiləri HİRK üzrə ərizələrdən 8-i əmək məzuniyyəti ödənişinin gecikdirilməsi, 7-si işə bərpa, 3-ü əlavə məzuniyyətlər ilə əlaqədar olmuşdur. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-yə 3 ərizə işə bərpa, 2 ərizə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinin pozulması, 4 ərizə istifadə edilməmiş məzuniyyətlərin kompensasiyasının verilməsi ilə bağlı olub və bu pozuntular aradan qaldırılıb. Neft və Qaz Sənayesi İşçiləri HİRK-ə daxil olmuş 155 ərizədən 24-ü işə bərpaya aid olmuşdur. Təhsil İşçiləri Azad HİRK üzrə 317 nəfər işə bərpa edilmişdir. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqojı Universiteti ilə birləşdirilməsilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutu Həmkarlar İttifaqı Komitəsinin razılığı olmadan 288 nəfər işçinin əmək müqaviləsinə xitam verilmişdi. TİAHİ RK-nın tələbi ilə həmin əmr ləğv olunmuş və 288 nəfər işçi ADPU-da ixtisası üzrə işlə təmin edilmişdir.

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in xidmətindəki bəzi müəssisələrdə müxtəlif aldadıcı üsullarla işçilərə işdən azad olmaq barədə ərizə yazdırmaq cəhdləri olmuşdur. Həmkarlar ittifaqı komitəsinin sədrləri tərəfindən bu müəssisə rəhbərləri ilə danışıqlar aparılmış, bunun kütləvi hala çevrilməsinin qarşısı alınmışdır.

Hörmətli Məclis üzvləri!

Konfederasiyanın mütəxəssisləri tərəfindən aparılan təhlillər göstərir ki, işçilərin əmək hüquqlarının qorunmasında, bu sahədə işəgötürənlərlə aparılan işlərdə nöqsanlara da yol verilmişdir.

Müdafiə Sənayesi İşçiləri HİRK, Aviasiya İşçiləri HİRK, Dəmiryolçuların Müstəqil HİRK, "İnşaat-İş" Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri HİRK-in xidmət sahəsində olan müəssisələrdə bəzən işçilərlə bağlanmış əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş formaya (Maddə 44, bənd 2) tam uyğun tərtib edilməmiş, Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq işçilərə əmək məzuniyyəti verilməmiş və istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) ödənilməmiş, məzuniyyətin təqvim günləri düzgün verilməmişdir.

 

 

 

 

 

 

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ və Səhiyyə İşçiləri HİRK-də istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyaların verilməməsi, gecə növbələrində artıq iş saatlarına görə əlavə əməkhaqqının ödənilməməsi, tibb işçilərinin aylıq iş normalarından artıq işə cəlb edilməsi, lakin əlavə işlədikləri iş saatlarına görə əməkhaqqının ödənilməməsi, əməyin ödəniş  dərəcələrinin aşağı dərəcə ilə verilməsi, dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yerləşən iş yerlərində çalışanların əməkhaqqına müəyyən edilmiş əlavələrin hesablanmaması, "Metal-İş" Həmkarlar İttifaqı Federasiyasında zərərli sahələrdə işləyənlərin profilaktik qaydalarla, süd, su və sabunla təmin edilməməsi halları aşkarlanmışdır.

Təhsil İşçiləri Azad HİRK-də bəzi təhsil müəssisələrində əməkhaqqının düzgün hesablanmaması, hamiləliyə və doğuşa görə müavinətlərin alına bilməməsi, əmək məzuniyyətlərinin təqvim günlərinin kəsir verilməsi, Yerli Sənaye və Kommunal - Məişət Müəssisələri İşçiləri HİRK-də xəstəlik vərəqələrinin tam doldurulmaması, müavinətlərin verilməməsi hallarına rast gəlinir.

Yoxlamalar zamanı aş   karlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilmiş, lazımi göstəriş və tövsiyələr verilmişdir. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılmışdır.

Əmək Məcəlləsinin 80-ci maddəsinə riayət olunması vəziyyətinin araşdırılması və nəticələrinin müzakirə olunması əməyin hüquq müfəttişlərinin əsas vəzifələrindəndir.

AHİK-in hüquq müfəttişləri tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl olunması vəziyyəti yoxlanılarkən əksər müəssisələrdə oxşar problemlər aşkara çıxarılmışdır. Belə ki, komitələr təqdimata baxarkən ixtisara salınan, əmək vəzifələrini kobud şəkildə pozmaqda təqsirli bilinən işçilərin iştirakını bəzən təmin etmirlər. Bəzi hallarda işçilər iclasa gəlmədikdə onların hansı səbəbdən iştirak etməmələri araşdırılmır, iclas təxirə salınmadan təqdimata baxılır və qərar çıxarılır. İşəgötürənlərin nümayəndələrinin də iclasda iştirakı təmin olunmur. İşəgötürənlərə iclasların qərarı deyil, protokol göndərilir. Və ya HİK-lər, sadəcə, təqdimatın üstünə ya "razıyam", ya da "razı deyiləm" sözlərini yazmaqla kifayətlənir, bütün bu sadaladığım neqativ hallar aşkara çıxarılır və aradan qaldırılır. Lakin bəzən işəgötürənlər öz nöqsanlarını etiraf etmək istəmir, deyilən iradlara məhəl qoymurlar. Belə hallarda həmkarlar ittifaqının hüquq müfəttişləri münasibətləri məhkəmədə həll etmək məcburiyyətində qalırlar. Məsələn, "Baltika-Baku" MMC-də həmkarlar ittifaqı təqdimata əsaslandırıcı sənədlər əlavə edilmədiyinə görə işçilərin işdən çıxarılmasına razılıq verməmişdir. İşəgötürən isə əsaslandırıcı sənədlər təqdim etmədən və həmkarlar ittifaqının razılığı olmadan işçi ilə əmək müqaviləsinə xitam vermişdir. İşçi məhkəmə yolu ilə işə bərpa edilmişdir.

Konfederasiyanın hüquq müfəttişləri keçən dövr ərzində Dəniz Nəqliyyatı HİRK-in xidmətində olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Üzücü Heyətinin HİK-də 80-ci maddəyə riayət olunması məsələsini araşdırmışlar. Məlumatda işəgötürən tərəfindən 97 təqdimatla müraciət edilməsi və onlardan 83-nə həmkarlar ittifaqı təşkilatının razılıq verməsi göstərilsə də, araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdimatların hamısına müsbət rəy bildirilmişdir.

Keçən dövr ərzində 80-ci maddə ilə əlaqədar həmkarlar ittifaqlarına işəgötürən tərəfindən 5705 təqdimat daxil olmuşdur. 2182 təqdimata həmkarlar ittifaqı tərəfndən razılıq verilməmişdir ki, bu da ümumi təqdimatın 38,26%-ni təşkil edir. Təbii ki, həmkarlar ittifaqlarının bu məsələdə belə mövqe tutmaları yolverilməzdir.

Bizi narahat edən məsələlərdən biri də transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən qat-qat az əməkhaqqının verilməsidir. Digər sosial məsələlərdə də yerli işçilərin üstünlükləri azdır. Hamınıza məlumdur ki, "BP", "Statoil", "AMOKO", "Coca-Cola", "McDonalds" kimi transmilli şirkətlərin filiallarında, "Ramstore" mağazalar şəbəkəsində, "Azercell" və "Bakcell"də həmkarlar ittifaqlarının olmaması işçilərin sosial-iqtisadi hüquqlarının hərtərəfli qorunmasına mənfi təsir göstərir.

Xarici vətəndaşlara nisbətən yerli işçilərə uzadılmış iş gününün tətbiqi, ödənişli əmək məzuniyyətlərinin verilməməsi adi hala çevrilmişdir. Müvəqqəti əmək qabiliyyətini itirənlərə müavinət verilmir, peşə xəstəliyinə tutulanlara və istehsalatda əmək xəsarəti alanlara isə dəyən zərər ödənilmir.

İşçilərin əmək hüquqlarının daha səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu. Qanunvericilikdəki bu dəyişiklikdən sonra əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qeydiyyata alınmadan işçilərin işə cəlb edilməsi qadağandır.

Lakin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar daxil olmuş ərizələrin araşdırılması və təhlili göstərir ki, bu sahədə müddətli əmək müqavilələri ilə bağlı problemlər hələ də qalır. Belə ki, işəgötürənlər Əmək Məcəlləsinin "Müddətli əmək müqaviləsi bağlanan hallar" adlanan 47-ci maddəsinin "f" bəndini ("tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə") əsas götürərək hətta daimi iş yerlərində işçilərlə qısamüddətli əmək müqaviləsi bağlayır və sonradan Əmək Məcəlləsinin 73-cü maddəsinə ("müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur") əsaslanaraq əmək müqaviləsini dəfələrlə həmin müddətə uzadırlar. Beləliklə də, hər dəfə müddət başa çatmaq üzrə olduqda işəgötürən əmək müqaviləsinə birtərəfli xitam vermək imkanı qazanmış olur və işçiyə əvvəlcədən xəbərdarlıq etmədən, əlavə heç bir müavinət ödəmədən onun müddətli əmək müqaviləsinə xitam verir.

Zənnimizcə, Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin qanunvericilikdən çıxarılması işçilərin sosial-əmək hüquqlarının qorunmasında mühüm amil olardı.

Yeri gəlmişkən, bizi narahat edən başqa bir məsələ 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Referendumun nəticəsində həllini tapmışdır. Bildiyiniz kimi, Referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik olunmuş, 6 yeni maddə əlavə edilmişdir. Dəyişikliyin 16-sı, yəni dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt öz-özlüyündə Konstitusiyaya edilmiş dəyişikliklərin mahiyyətini və mənasını dəqiq ifadə edir. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı həmkarlar ittifaqlarının fəaliyyətinə bilavasitə aid olan 2 dəyişikliyin üzərində dayanmaq istəyirəm. Bunlardan biri Konstitusiyanın "Tətil hüququ" adlanan 36-cı maddəsi ilə bağlıdır. Maddədə hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququnun olması, hansı şəxslərin bu hüquqdan istifadə edə bilməməsi, fərdi və kollektiv mübahisələrin həlli qaydası müəyyənləşdirilsə də, işəgötürən tərəfindən istisna hallarda lokaut elan etmək hüququ Konstitusiyada təsbit edilməmişdi. Maddəyə əlavə olunan "Qanunla, müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır" dəyişikliyi həm maddəni tamamlayır, həm də işəgötürənlərin yerli-yersiz lokautdan istifadə etməsinin qarşısını alır.

Konstitusiyanın 25-ci maddəsinə isə "VI hissə"əlavə edilmişdir. Bu hissəyə əsasən, "sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar".

Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün hər cür tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda iştirak etmək imkanı yaranır.

Hörmətli tədbir iştirakçıları!

Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlardan dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcəkdir.

İcazə verin, çıxışımın sonunda hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edim, hər birinizə cansağlığı və firavanlıq arzulayım.

Diqqətinizə görə təşəkkür edirəm.