Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib


Baxıldı : 67

Tarix : 2017-11-10 22:40:50


Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.

Məclisdə yekdilliklə qərara alınıb ki, AHİK-in V qurultayı 2018-ci il fevralın 5-də Bakı şəhərində keçirilsin.

Məclisdə daha sonra "İlin peşəkar gənci" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Bu münasibətlə çıxış edən S.Möhbalıyev qeyd edib ki, Məclisin bugünkü yığıncağı 10 Noyabr - Ümumdünya Gənclər Günü ərəfəsində keçirilir. Bu barədə qərar Gənclər Təşkilatları Beynəlxalq Birliyinin 1945-ci ildə Londonda keçirilən konfransında qəbul edilib. Ümumdünya Gənclər Gününün keçirilməsində əsas məqsəd gənclərin problemlərinin daha qabarıq şəkildə nəzərə çatdırılması və onların həlli yolunda tədbirlərin görülməsidir.

AHİK sədri qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə üçün başlıca məsələdir. Dünyada işçi qüvvəsinin dörddəbirini gənclərin təşkil etdiyi bir vaxtda işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin edilməsində böyük çətinlik çəkir. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır. Hər gün aclıqdan 30 min gənc ölür və 7 min gənc QİÇS virusuna yoluxur.

Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir.

Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalayarkən demişdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik". S.Möhbalıyev deyib ki, Ulu Öndərin gənclərə bu böyük inamı onun hakimiyyətdə olduğu illərdə də, sonrakı dövrlərdə də özünü doğrultdu. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Belə ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, "Gənclər İli"nin elan edilməsi, "Dövlət gənclər siyasəti" və "2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası" haqqında Fərman və fəaliyyət proqramlarının təsdiqi gənclərə diqqət və qayğının göstəricisidir.

Qeyd edilib ki, BMT tərəfindən dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılıb və on üzv ölkə lider müəyyən olunub. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilib. Prezident İlham Əliyevin təbirincə desək, "Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar". Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb.

Bütün bu kompleks ölçülər gənc işçilərin əmək bazarında vəziyyətini sabit saxlayır. 2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə işə düzələnlərin 70 faizi gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasəti formalaşdırılır. AHİK sosial tərəfdaş kimi bu işlərdə fəal iştirak edir.

Səttar Möhbalıyev vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas məqsədlərindən biri ölkədə əmək bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək hüquqlarının təminatıdır. Gənclərin böyük bir hissəsi (24,4 faizi) həmkarlar ittifaqı sıralarında birləşir. Belə bir qüvvənin təlimləndirilməsi, ruhlandırılması və təşkilatın işində yaxından iştirakının təmin edilməsi vacib məsələlərdən biridir ki, bu da təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. Çoxsahəli işlərin və bir çox tədbirlərin birbaşa icraçısı AHİK-in və üzv təşkilatların nəzdində yaradılan gənclər şuralarıdır. Gənc həmkarlar ittifaqları liderlərinin dünya miqyaslı tədbirlərdə iştirakı ildən-ilə artırılır. Onlar beynəlxalq miqyaslı tədbirlərdən əldə etdikləri bilik, müsbət təcrübə və texnologiyaları iş yerlərində tətbiq etməli, bütün saziş və kollektiv müqavilələrə gənclərin hüquq və mənafelərinə aid bölmə və öhdəliklərin daxil edilməsi işini gücləndirməlidirlər.

AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-in “Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda", "Bu, mənim peşəmdir", "Gender bilikləri və texnologiyası məktəbi", "İlin peşəkar gənci" və "Gənc həmkarlar ittifaqı lideri məktəbi" - gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə yönəldilir.

Bildirilib ki, sahə həmkarlar ittifaqı orqanları tərəfindən "İlin peşəkar gənci" fəxri adının verilməsi və "Gənc həmkarlar ittifaqı lideri məktəbi" layihəsində fərqlənənlər barədə verilmiş təqdimatlar AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq edilib.

Sonda "İlin peşəkar gənci" fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub.