Azərbaycan həmkarlar  ittifaqlarının üzvlərinə 


Baxıldı : 55

Tarix : 2020-10-17 15:12:45



Bu gün Azərbaycanda ən böyük qeyri-hökumət təşkilatı olan Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 115-ci ildönümü tamam olur. Bu münasibətlə bütün həmkarlarımızı təbrik edirəm.
Təşkilatımızın əsası 1905-ci il oktyabrın 17-də Bakıda konka (at-dəmir yolu) fəhlə və qulluqçularının ilk həmkarlar ittifaqı təşkilatının təsisatı ilə qoyuldu. Həmin ilin noyabrından başlayaraq ondan yuxarı peşə adamları ilk həmkarlar ittifaqları sıralarında təşkilatlanmağa başladı. Beləliklə, get-gedə kütləvi hal alan həmkarlar ittifaqları hərəkatı işləyən insanların, onların ailə üzvlərinin sosial, əmək problemlərinin həllində təsir gücünə malik quruma çevrildi.
Azərbaycan həmkarlar ittifaqları müxtəlif ictimai quruluşlar şəraitində fəaliyyət göstərsə də, həmişə öz missiyasına sadiq qalmış, işçi əhali arasında böyük nüfuz sahibi olmuşdur. Xüsusilə keçən əsrin 70-80-ci illəri təşkilatımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Ümummilli lider Heydər Əliyev həmin illərdə xalqımızın rifah halının yüksəldilməsi, işçilərin hüquqlarının etibarlı müdafiəsi işində həmkarlar ittifaqının əvəzsiz imkanlara malik olduğunu nəzərə alaraq təşkilatımıza etimad və etibar göstərmişdir. Böyük dövlət xadiminin bu münasibəti xalq arasında təşkilatımıza inamı daha da artırdı və sıralarına axını gücləndirdi.
Sovet sisteminin dağılması və hələ yeni iqtisadi münasibətlərin formalaşmadığı qısa vaxt kəsiyində həmkarlar ittifaqı böyük təzyiqlərə məruz qalsa da, varlığını qoruyub saxlaya bildi. Hakimiyyət hərislərinin həmkarlar ittifaqına qarşı hücumlarını xalq dəstəkləmədi. Bu hücumlardan qalib çıxmaqda təşkilatımızın yetişdirdiyi kadrların da cəsarəti, peşəkarlığı mühüm rol oynadı. Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə nicat məramlı qayıdışı həmkarlar ittifaqına ikinci həyat bəxş etdi. 1994-cü ildə “Həmkarlar ittifaqları haqqında” qanunun qəbul edilməsi təşkilatımıza missiyasını tam gücü ilə həyata keçirməyə yol açdı.
Ulu öndərin iqtisadi, sosial siyasətinə sadiq qalan, onu uğurla yeni tələblər səviyyəsində davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətin bütün sferalarında apardığı islahatların daimi iştirakçıları sırasında həmkarlar ittifaqının da öz layiqli yeri var.
Həmkarlar ittifaqları bütün sosial layihələrin iştirakçısı və qanunvericilik bazasının təkmilləşdirilməsində dövlət qurumları ilə tərəfdaşdır. AHİK bu gün Respublika Hökuməti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə yaradılmış  üçtərəfli komissiyada uğurla fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanılmaqla orada ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı tərəflər müxtəlif öhdəliklər götürməklə yanaşı, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların əməyinin və sağlamlığının mühafizəsi, işçilərin asudə vaxtlarının təşkili və digər məsələlər barədə də öhdəliklər götürürlər. Tərəflər götürülmüş öhdəlikləri icra etməklə işçilərin sosial problemlərinin həllinə öz töhfələrini vermiş olur. Bu gün Azərbaycan həmkarlar ittifaqları nəinki öz üzvlərinin, həmçinin həmkarlar ittifaqı üzvü olmayan işçilərin hüquq və mənafelərini qətiyyətlə müdafiə edir. Bu isə o deməkdir ki, işçilərin sosial hüquqlarının müdafiə edilməsində həmkarlar ittifaqları ölkədə fəaliyyət göstərən digər sosialyönümlü təşkilatlarla birlikdə ön sıralarda dayanmaqdadır. 
Qətiyyətlə deyə bilərik ki, işçilərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarının beynəlxalq standartlar səviyyəsində mövcud olmasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xüsusi paya malikdir. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təklifi ilə son bir neçə ildə Əmək Məcəlləsinə və digər hüquqi aktlara işçilərin əmək və sosial hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bizim üçün fəxrdir ki, bütün bu təşəbbüs və təkliflərimiz Respublika Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə reallaşmışdır.
Hörmətli həmkarlar!
Xalqımız, dövlətimiz son vaxtlar daha bir sınaqla üzləşib. “COVID-19” pandemiyası ölkəmizdə də fəsadlar törətməkdə, iqtisadiyyatımıza ziyan vurmaqda, insanlarımızın sağlamlığına zərər gətirməkdədir. Dövlət strukturları ilə yanaşı, həmkarlar ittifaqı da bu gözəgörünməz, təhlükəli virusa qarşı mübarizədə xalqımızın yanındadır. İş yerlərində əsassız ixtisarlara, əməkhaqlarının, müavinətlərin ödənilməsinə ciddi ictimai nəzarəti həyata keçirir, imkansız və ya aztəminatlı insanlara maddi yardımlar göstərir.
Sentyabrın 27-də Ermənistanın törətdiyi silahlı təxribata qarşı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun başladığı əks-hücum əməliyyatları hamı kimi ittifaqımızın üzvlərində də 30 illik işğala son qoyulacağına inam yaratmışdır. Biz bütün qüvvəmizi, imkanlarımızı bu qələbəyə səfərbər etmişik.
Bir daha Sizi: bütün həmkarlar ittifaqı üzvlərini, əməkdaşlarını təşkilatımızın yaradılmasının 115 illik yubileyi münasibətilə təbrik edirik, hamınıza işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyiniz işlərdə müvəffəqiyyətlər arzulayırıq.
AHİK-in İcraiyyə Komitəsi